Vətənim Media xəbər verir ki, oktyabrın 19-da Cenevrədə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli ilə Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli görüşüb.
APA-nın BMMT-yə istinadən yaydığı məlumata görə, tərəflər mülki müdafiə, fövqəladə hallara hazırlıq və fəlakət risklərinin azaldılması sahələrində əməkdaşlığın prioritetlərini nəzərdən keçiriblər. Görüşdə təşkilatın islahatları, üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi və qarşıdakı İcraiyyə Şurası ilə Baş Assambleyanın sessiyalarına hazırlıq da müzakirə olunub.
Tərəflərə BMMT-nin Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzinin fəaliyyəti, imkanlarının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Görüş əməkdaşlığın gələcək perspektivləri üzrə fikir mübadiləsi ilə başa çatıb.
Əsas mənbə: APA
