Vətənim Media xəbər verir ki, Nazirlər Kabineti qeyri-neft-qaz mallarının Azərbaycan mənşəli olmasının müəyyən edilməsi qaydasını təsdiqləyib. Qayda ixrac və daxili daşıma dəstəyi ödənişlərinə şamil olunur.
İxrac zamanı malın mənşəyi, əsasən, mənşə sertifikatı ilə təsdiqlənəcək. Avropa İttifaqına üzv ölkələrə, Norveçə və İsveçrəyə ixrac edilən mallar üçün isə ixracatçının Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemində qeydiyyatı və təsdiqedici kodu əsas götürüləcək.
Daxili daşımalar üçün mənşəyi “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin verdiyi rəy təsdiqləyəcək. Mallar Naxçıvan Muxtar Respublikasında tam istehsal edildikdə və ya orada kifayət qədər emal olunduqda Azərbaycan mənşəli sayılacaq. Emal meyarlarına mal mövqeyinin ilk dörd rəqəmindən ən azı birinin dəyişməsi və ya Azərbaycan mənşəli olmayan materialların dəyərinin son məhsulun franko-zavod qiymətinin 50 faizini aşmaması daxildir.
Əsas mənbə: APA
