Vətənim Media xəbər verir ki, energetika nazirinin müavini Elnur Soltanov 2030-cu ilədək Azərbaycanın elektrik enerjisi istehsalı üzrə quraşdırılmış gücündə bərpa olunan enerji mənbələrinin payının 34 faizə çatacağının hesablandığını bildirib. APA-nın məlumatına görə, o, hazırkı göstəricinin təxminən 21,5 faiz olduğunu deyib.
Soltanovun sözlərinə görə, 2027–2028-ci illərədək əlavə 2 giqavat gücün istismara verilməsi, 2030-cu ilədək isə daha 1 giqavat gücün yaradılması nəzərdə tutulur. Bu layihələrin külək və günəş enerjisi ilə bağlı olduğunu qeyd edən nazir müavini, 2 giqavat gücün yaradılmasına təxminən 2 milyard dollar investisiya cəlb olunacağını bildirib. Elektrik şəbəkəsinin gücləndirilməsi üçün dövlətin bu məbləğin təxminən beşdə biri qədər vəsait xərcləməli olacağını da əlavə edib.
Əsas mənbə: APA
