Vətənim Media xəbər verir ki, Ali Məhkəmə özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın geri tələb olunma qaydasına dair hüquqi mövqeyini açıqlayıb. Məhkəmənin yanaşmasına görə, müqavilə öhdəlikləri pozulduqda inzibati orqan əvvəlcə əvvəlki inzibati aktın ləğvi, müqaviləyə xitam və əmlakın və ya onun dəyərinin geri alınması barədə qərar qəbul etməlidir.
Mübahisə vətəndaşa 2024-cü il fevralın 1-də verilmiş inkubator aparatı, generator və yemüyüdən avadanlığın satılması ilə bağlı yaranıb. 2025-ci il fevralın 19-da keçirilən monitorinqdə avadanlıqların satıldığı müəyyən edildikdən sonra inzibati orqan onların natura şəklində qaytarılmasını tələb edib və tələb yerinə yetirilmədikdə məhkəməyə müraciət edib.
Bakı İnzibati Məhkəməsi iddianı mümkün saymayıb, apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə bildirib ki, inzibati orqanlar öz səlahiyyətləri daxilində qərar verməli, məhkəməyə müraciət isə qanunda nəzərdə tutulan hallarda son vasitə olmalıdır.
Əsas mənbə: APA
