Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Ukraynanın elektrik şəbəkələrinin vəziyyətinin nüvə təhlükəsizliyi üçün ciddi risklər yaratdığını bildirib. O, qış yaxınlaşdıqca təhlükələrin arta biləcəyini Zaporojye Atom Elektrik Stansiyasının xarici elektrik təchizatından yenidən tamamilə məhrum olması fonunda vurğulayıb.
BAEA-nın məlumatına görə, noyabrın 8-də 330 kilovoltluq “Ferrosplavnaya-1” xəttinin zədələnməsi stansiyanın 12 saatdan çox elektrik təchizatsız qalmasına səbəb olub. Bu, münaqişə başlayandan AES-in xarici elektrik enerjisini tam itirdiyi 27-ci hadisədir. Qrossi nüvə təhlükəsizliyi üçün vacib enerji infrastrukturuna qarşı hərbi əməliyyatların dayandırılmasına, “Dneprovskaya” yarımstansiyasının və stansiyanı enerji ilə təmin edən 750 kilovoltluq xəttin bərpası üçün BAEA ilə əməkdaşlığın davam etdirilməsinə çağırıb.
Əsas mənbə: APA
