Vətənim Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərazisində TRIPP layihəsi çərçivəsində tikiləcək dəmir yolunun Azərbaycan şəbəkəsinə birləşdirilməsi üçün texniki parametrlərin Bakı ilə razılaşdırılmalı olduğunu bildirib. Paşinyan bunu parlamentdə hökumət saatı zamanı deputat Marianna Qahramanyanın sualını cavablandırarkən deyib.
Armenpress-in məlumatına görə, Paşinyan texniki məsələlərin müzakirəsi üçün üçtərəfli işçi qrup yaradıldığını qeyd edib. Onun sözlərinə görə, Ermənistan, ABŞ və Azərbaycan noyabrın 7-də nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə iki texniki planlaşdırma qrupunun fəaliyyətə başlaması barədə razılığa gəlib. Qruplar regional infrastrukturlarla əlaqələndirmə məsələlərini də nəzərdən keçirəcək.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında TRIPP-in giriş və çıxış hissələrinin Azərbaycan ərazisində olduğunu və əsas texniki parametrlərin Bakı ilə razılaşdırılmalı olduğunu bildirib.
Əsas mənbə: APA
