Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərracda 110 min funt-sterlinqə, təxminən 145 min dollara alıcı tapıb. Daff-Qordon 1912-ci ildə batan “Titanik” gəmisindən sağ çıxan sərnişinlərdən biri olub.
“Henry Aldridge & Son” hərrac evinin bildirdiyinə görə, üzüyün modelyerə nişan hədiyyəsi verildiyi ehtimal olunur. Zinət əşyası onilliklər ərzində ailədə qorunub. Adı açıqlanmayan alıcıya üzüyün mənşəyini təsdiqləyən məktub və Birmingem Əyar Palatasının brilyant sertifikatı da təqdim edilib.
Hərracda Daff-Qordon ailəsinin onları xilas edən “Karpatia” gəmisinin xəzinədarı Ernest Brauna hədiyyə etdiyi siqaret qabı da 24 min funt-sterlinqə, təxminən 31 min dollara satılıb.
Əsas mənbə: APA
