Vətənim Media xəbər verir ki, Ali Məhkəmənin Cinayət kollegiyası ginekoloqun səhlənkarlıq və sənədlərdə saxtakarlıq ittihamı üzrə işinə dair apellyasiya hökmünü ləğv edib. İş yeni məhkəmə baxışına göndərilib.
İttihama görə, həkim doğuşdan əvvəl dölün vəziyyətini düzgün qiymətləndirməyib və təcili əməliyyatı vaxtında təmin etməyib. Körpə əməliyyatdan az sonra perinatal mərkəzdə ölüb. Həkimin doğuşun gedişini əks etdirən sənəddə körpənin mərkəzə ölü gətirildiyini yazdığı da iddia olunub.
Birinci instansiya məhkəməsi həkimi vəzifə saxtakarlığı və ağır nəticələrə səbəb olan səhlənkarlıqda təqsirli bilərək 3 il azadlığın məhdudlaşdırılmasına məhkum edib. Apellyasiya məhkəməsi vəzifə saxtakarlığı ittihamı üzrə bəraət verib, digər əməli isə başqa maddə ilə tövsif edərək cəzanı 2 ilə endirib. Ali Məhkəmə apellyasiya qərarında hüquqi normaların tətbiqi ilə bağlı pozuntular müəyyən edib və rəsmi sənədin saxtalaşdırılması ehtimalının da araşdırılmalı olduğunu bildirib.
Əsas mənbə: APA
