Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kanadaya işgüzar səfəri çərçivəsində ölkənin yüksək vəzifəli şəxsləri və parlament nümayəndələri ilə görüşüb. Tərəflər Azərbaycan-Kanada münasibətlərini, siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsini, eləcə də parlamentlərarası əlaqələri müzakirə ediblər.
Görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün nəticələri və dayanıqlı sülh üçün həllini gözləyən məsələlər barədə danışılıb. Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti də müzakirə olunub. Tərəflər xarici işlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrə hazırlığa başlanılması barədə razılığa gəliblər.
Səfər çərçivəsində Əmirbəyov Ottavada keçirilən dəyirmi masada və “Allies for a Strong Canada” təşkilatının tədbirində iştirak edib. O, Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyi, beynəlxalq münasibətlər sistemindəki rolu, multikulturalizm və dini tolerantlıq ənənələri barədə danışıb.
Əsas mənbə: APA
