Paris Fashion Week çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə SİMOORG Academy və Azərbaycanın Dostları Assosiasiyası tərəfindən təşkil olunan Fashion Culture Day in Paris tədbiri Parisdə səfirliyin Mədəniyyət Mərkəzində keçirilib.
Tədbirdə moda, mədəniyyət və incəsənət nümayəndələri, diplomatlar, dizaynerlər, media və yaradıcı sənaye təmsilçiləri iştirak edib. Açılış nitqlərində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Begən çıxış ediblər.
Səfir Leyla Abdullayeva Azərbaycanın zəngin mədəni irsinin və milli estetik dəyərlərinin müasir moda vasitəsilə beynəlxalq auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Tədbirin məqsədi milli irsi və yeni nəsil azərbaycanlı dizaynerlərin yaradıcılığını beynəlxalq səviyyədə təqdim etmək olub.
Tədbirdə SİMOORG Academy-nin gənc dizaynerlərinin kolleksiyası nümayiş edilib; kolleksiyada Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənət və milli ornamentlərdən istifadə olunub. Kolleksiyanın əsas ilham mənbəyini müasir rəssam Faiq Əhmədin yaradıcılığı təşkil edib.
SİMOORG Academy-nin təsisçisi Hədiyə Talıbova akademiyanın məqsədinin atasıinın sənət irsini yaşatmaq, istedadlı gəncləri dəstəkləmək və onların yaradıcılığını beynəlxalq arenada tanıtmaq olduğunu bildirib. Akademiya 2023-cü ildən fəaliyyət göstərir və müxtəlif layihələrdə, o cümlədən Mercedes-Benz Fashion Week Azerbaijan 2026-da iştirak edib.
Tədbir Azərbaycan məişət və mədəni ənənələrinin müasir dizayn dili ilə təqdim olunmasına, əl sənəti nümunələrinin nümayişinə və azərbaycanlı dizaynerlərin beynəlxalq yaradıcı mühitdə tanıdılmasına xidmət edib.
Mənbə: AZƏRTAC
