Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yazıçı Süleyman Rəhimovun “Mehman” povesti əsasında ekranlaşdırılan “Qanun naminə” filmin….
Yazıçı Süleyman Rəhimovun “Mehman” povesti əsasında ekranlaşdırılan “Qanun naminə” filmini rejissor Muxtar Dadaşov 1968-ci ildə çəkib. Filmdə baş rolu-Mehmanı canlandıran aktyor azərbaycanlı deyil, milliyətcə osetindir. O, Bimbolat Vatayevdir.
Bimbolat Vatayev 1939-cu il martın 15-də Şimali Osetiya Muxtar Respublikasının Yeni Batako şəhərində doğulub. Boris Şukin teatr məktəbinin məzunu olan Bimbolat Vatayev Yuri Lyubimovun rəhbərliyi altında təhsil alıb. Məktəbin məzunları Taqanka teatrının əsas özəyini təşkil edib.
1959-cu ildən Şimali Osetiya Musiqili-dramatik teatrında, sonralar isə 1964-1965-ci illərdə Taqanka Dram və komediya teatrında fəaliyyət göstərib.1969-cu ildən 1975-ci ilə qədər “Tacikfilm” kinostudiyasında aktyor və televiziya filmlərində rejissor kimi fəaliyyət göstərib. Bimbolat Vatayev 1994-1998-ci illərdə Şimali Osetiyanın mədəniyyət naziri postunu tutub. Kino karyerası boyu 50-dən artıq obraz yaradan Vatayev “Rüstəm haqqında əhvalatlar” bədii trilogiyasındakı roluna görə Panama kinofestivalında ən yaxşı kişi rolu nominasiyasında qalib gəlib.
Vatayevin kinomatoqrafik uğuları ilk növbədə “Tacikfilm” studiyasındakı işləri ilə bağlıdır. Məhz burda o, 70-ci illərin əvvəllərində kino bioqrafiyasının ən məşhur rolunu- “Rüstəm və Söhrab” və “Rüstəm haqqında əfsanələr” filmlərində Rüstəm obrazını yaradıb, 1973-cü ildə Rudaki adına Tacikistan Dövlət Mükafatına layiq görülüb. Firdovsinin “Şahnamə” əsərində epik qəhrəman obrazı yaratmaq üçün Vatayev fars dilini və çətin materialı orijinal dildə öyrənməyə məcbur olur.
1966-clı ildə 27 yaşlı aktyor Aşqabaddakı kinofestivalında “Həsən-arbakeş” filmindəki baş rola görə ən yaxşı aktyor seçilmişdi. Həmin ildə Vatayev rejissor Kamil Yarmətovun “İki qəlbin poeması” filmində çəkilişlərə başlayır. Bundan sonra onu Azərbaycana dəvət edirlər.
Vatayevə rejissor Muxtar Dadaşovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Qanun naminə” filmindəki Mehman rolunda oynamaq təklif edilir. Osetin aktyor Mehman obrazı ilə Azərbaycan tamaşaçısının diqqətini cəlb edə bilir. Bimbolat daha sonralar “Ürək necə hökm edirsə”, “Siyavuş haqqında əhvalatlar”, “Əbu Reyhan Biruni”, “Qara qumlarda” və s.
filmlərdə çəkilib. Onun yaradıcılığını izləyən tənqidçilər onu məşhur ora asiyalı aktyor kimi tanıyırdılar. Lakin, bu zaman ona Qafqaz kinosunda qəhrəman obraz yaratmaq fürsəti düşür.
“Gürcüstanfilm” kinostudiyasında rejissor Nikolay Sanişvili osetin rejissoru Pliyevin “Çermen” pyesi əsasında çəkəcəyi filmə Vatayevi dəvət edir. Osetiyadakı dağlıq aullardan birində yaşayan xalq qəhrəmanı Çermenin obrazını yaradan aktyor həm gürcü, həm də osetin xalqının mənəvi yaxınlığını əyani şəkildə göstərə bilir. 2009-cu ildə Şimali Osetiyada Bimbolat Vatayevin 70 illik yubileyi keçirilib.
Lakin, Şimali Osetiya mədəniyyətinin məşhur nümayəndəsi öz yubileyini görə bilmədi. 60 ildən bir qədər artıq yaşadığı ömrü boyu Şimali Osetiya milli mədəniyyət üçün böyük işlər görən Bimbolat Vatayev 200-dən artıq teatr və kino rolları oynayıb. O, səhnədə Kral Lir, Otello, Çar Edip və Klavdi obrazlarını yaradıb.
O, 2000-il mayın 9-da Vladiqavkaz şəhərində dünyasını dəyişib və Şərəf Xiyabanında dəfn olunub. Vladiqafqazda, Yeni Batako kəndində və Beslanda onun adına küçələr var…
