Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Abdulla Müseyib oğlu Allahverdiyev 23 may 1941-ci ildə Ukrayna SSR-in Odessa şəhərində do….
Abdulla Müseyib oğlu Allahverdiyev 23 may 1941-ci ildə Ukrayna SSR-in Odessa şəhərində doğulub. O, 1958-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kənd orta məktəbində, daha sonra Azərbaycan Politexnik İnstitunun Avtomobil nəqliyyatının istismarı fakültəsində təhsil alıb. 1964-1974-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin mərkəzi aparatında və Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyi Xidmətində məsul vəzifələrdə çalışıb.
O, 1974-1979-cu illərdə Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyinin Əlahiddə Yol Nəzarət Diviziyasının komandiri olub, 1979–1981-ci illərdə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına rəhbərlik edib. 1981–1983-cü illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında təhsil alıb, oranı fərqlənmə ilə bitirərək hüquqşünas ixtisası və milis podpolkovniki rütbəsi alıb. O, Bakı Xüsusi Orta Milis Məktəbinin rəisi, sonra idarə rəisi vəzifəsində işləyib.
1988–1990-cı illərdə Bakı Şəhər Milis İdarəsinin rəis müavini, 1990–1991-ci illərdə isə nazirliyin hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində çalışıb.1992-ci ildən isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.1993-cü il aprelin 2-də Kəlbəcərin işğalının ardınca Azərbaycanda fövqəladə vəziyyət elan edildikdən sonra Bakı şəhərinin hərbi komendantı təyin edilib. 1989-cu ildə ona polkovnik, 1992-ci ildə isə general-mayor rütbəsi verilib. 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışıb.
Ondan əvvəl bu vəzifədə İsgəndər Həmidov, ondan sonra Rövşən Cavadov daxili işlər naziri vəzifəsini icra edib. Abdulla Allahverdiyev 14 aprel 2023-cü ildə Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Ağstafa rayonu Dağ Kəsəmən kəndində dəfn olunub…
ALLAH RƏHMƏT ELƏSİN! P S. Qeyd edək ki, Abdulla Allahverdiyev Böyük Vətən Müharibəsi illərində Moskvadan Budapeştə qədər döyüş yolu keçən və 24 mart 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Müseyib Allahverdiyevin oğludur.
