Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, AXC nazirlər….
Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, AXC nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci il, dekabrın 18-də doğulub. O, öz tərcümeyi-halında yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabi gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi.
Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram".
Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. O atasını həbsxanadan azad etmək, Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Ögey anası ilə olan gərgin münasibətləri Banini evdən çıxmağa və müstəqil həyata atılmağa məcbur edir.1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçəndən sonra, ailə Fransaya mühacirət edir.15 yaşlı qız model, satıcı, katibə, tərcüməçi isləyir.
Rus mühacirləri- Bunin, Tolstoy, Şalyapinlə ünsiyyət qurur.1946-cı ildə dərc olunan "Qafqaz günləri" kitabı Baninə müvəffəqiyyət qazandırır. İki dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yüngerlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Onlar 1943-cü ildə-Baninin Azərbaycanda sosial vəziyyətin faciəsini özündə əks etdirən "Bizimlə" romanı işıq üzü gördükdən sonra tanış olublar.
Romanın təsiri altında olan Yünger Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir. Onun "Paris günləri" (1947), "Ernst Yüngerlə görüş" (1951), "Mən tiryəki seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Ernst Yüngerin portreti" (1971), "Ernst Yünger müxtəlif sifətlərdə" (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – "Məryəmin mənə danışdığı" romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb.
Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. O, Bunin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Banin mühacirətdə olan yazıçılarla birlikdə tez-tez görüşlərdə iştirak edərmiş.
Çox vaxt bu tədbirlərə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Bunin sədrlik edərmiş. O tədbiri təkcə hörmətinə görə deyil, həm də gur səsinə görə idarə edərmiş. Baninlə Bunin 13 iyun 1946-cı ildə tanış olublar.
Bunin onu "Şamaxı şahzadəsi" adlandırarmış. Banin öz həmyerliləri ilə görüşməkdən qaçarmış. O, Azərbaycanın belə tezliklə heç bir mübarizə aparmadan bolşevizmə tabe olmasını qəbul edə bilmirmiş.
Onunla ilk görüşən azərbaycanlı Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə- Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf edir. Ramiz Abutalıbovun mətbuata verdiyi açıqlamada o, məşhur Azərbaycan rəssamı ilə Banini tanış etməsindən söhbət açır.
Həmin rəssam vidalaşarkən Baninə 2 banka qara kürü sovqat verir. Sovqatı qəbul edən Banin zarafatca "elə bu?", – deyə soruşur. Rəssam təəccüblə "bəs necə madam?" deyir.
Banin gülümsəyərək deyir: "Bakını tərk edərkən biz orada dəfələrlə çox varidat saxlamışıq". Banin Parisdə "Azərbaycan evi" Assosiasiyasının üzvü idi. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz xalqını müdafiə edən məqalələrlə çıxış edərmiş.
1992-ci il oktyabrın 29-da Fransanın "Fiqaro" qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib…" RUHU ŞAD OLSUN!
