Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə XIX əsrdə gözəlliyinə görə bütün çar Rusiyası ərazisində “Qafqazın qızılgülü” adı ilə tan….
XIX əsrdə gözəlliyinə görə bütün çar Rusiyası ərazisində “Qafqazın qızılgülü” adı ilə tanınan Kərimət xanım, sonuncu İlisu sultanı Daniyal sultanın qızı, Şeyx Şamilin ikinci oğlu Qazı Məhəmmədin həyat yoldaşı olub. Bir neçə il öncə onun qəbrinin yeri müəyyənləşdirilib. Şəki şəhərinin qədim qəbiristanlıqlarında epiqrafik abidələri tədqiq etməklə məşğul olan ekspedisiya Kərimət xanımla bağlı mövcud olan tarixi faktlar maraq kəsb etdiyindən onun dəfn olunduğu yerin dəqiqləşdirilməsi qərarına gəlib.
Ekspedisiyanın işinə ərəbşünas mütəxəssislər, filoloqlar və s. mütəxəssislər cəlb edilib. Kərimət xanımın qəbri aşkarlanıb.
Tarixçi C. Soltanovun qeydlərinə görə, Şeyx Şamil çar Rusiyasına təslim olduqdan sonra (26 avqust 1859-cu il) Kərimət xanım Şamilin ailə üzvlərindən biri kimi Kaluqada sürgün həyatı yaşayıb və öyrəşmədiyi iqlim şəraitinin təsiri ilə vərəm xəstəliyinə tutulub. O, çar Rusiyasının ən məşhur həkimlərinin ciddi səylərinə baxmayaraq 1862-ci il mayın 4-də Kaluqada vəfat edib.
Doğulduğu Zaqatala dairəsinə hədsiz məhəbbət bəsləyən Kərimət xanım ölüm ayağında tarixi Zaqatala dairəsində, İlisuda dəfn olunmasını xahiş edib. Kərimət xanımın Kaluqada xəstələnərək vəfat etməsi imperator II Aleksandrı təsirləndirib. İmperatorun göstərişi ilə Kərimət xanımın cənazəsi dörd bir yanı aypara-ulduz nişanları ilə bəzədilib, xüsusi sarkofaqa qoyularaq atası Daniyal sultanın sürgün həyatı keçirdiyi Nuxaya göndərilib və Daniyal sultanın iştirakı ilə dəfn edilib.
Hətta Rusiya imperiyası qarşısında xüsusi xidmətləri olan generallar Qafqaz müharibəsində həlak olduqda cənazələri Rusiyaya göndərilmir, onları həlak olduqları yerdə dəfn edirdilər. Eyni zamanda çar Rusiyasının hakim dairələri Qafqazdakı məmurlarına göstəriş vermişdilər ki, Kərimət xanımın cənazəsinin İlisu da daxil olmaqla tarixi Zaqatala dairəsinin heç bir yerində dəfn olunmasına icazə verilməsin. Çar Rusiyasının məmurları qorxurdular ki, cənazə Zaqatala dairəsində dəfn olunarsa, Kərimət xanımın qəbri əhalini çar Rusiyası əleyhinə səfərbər edən növbəti bir simvola çevrilə bilərdi.
Bu səbəbdən də Kərimət xanım Nuxa ərazisində dəfn edilmişdi…
