Vətənim Media xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1173 manata çatıb. Sentyabrın 1-nə ölkədə bu kateqoriyadan olan 1 milyon 776,8 min nəfər qeydə alınıb.
İşçilərin 942,6 mini qeyri-dövlət, 834,2 mini isə dövlət sektorunda çalışıb. Beləliklə, muzdla işləyənlərin 53 faizi qeyri-dövlət sektorunun, 47 faizi dövlət sektorunun payına düşüb. Ən çox işçi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində cəmləşib — 18,9 faiz.
Təhsil işçilərin 17,5 faizini, sənaye 13,9 faizini, səhiyyə və sosial xidmətlər 8,6 faizini əhatə edib. Tikintidə çalışanların payı 6,8, dövlət idarəetməsi, müdafiə və sosial təminat sahələrində çalışanların payı 6,2 faiz olub. Nəqliyyat və anbar təsərrüfatının payı 4,4, peşə, elmi və texniki fəaliyyətin 3,9, maliyyə və sığortanın 2,5, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın isə 2,3 faiz təşkil edib. Qalan 15 faiz digər iqtisadi fəaliyyət sahələrinin payına düşüb.
Əsas mənbə: APA
