Vətənim Media xəbər verir ki, Azərbaycanda məktəbli geyimi ilə bağlı qaydalar Türkiyədə müzakirələrə səbəb olub. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından bəzi millət vəkilləri, o cümlədən Leyla Şahin Usta, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanın qərarını tənqid ediblər. YAP oktyabrın 13-də yaydığı bəyanatda Türkiyənin bəzi media resurslarında Azərbaycan barədə qərəzli məlumatların yayıldığını bildirib, açıqlamaların ölkənin konstitusion quruluşu və suverenliyini nəzərə almadığını vurğulayıb.
Müəllif yazısında Leyla Şahin Ustanın Avropa İnsan Hüquqları Məhkəməsində Türkiyəyə qarşı qaldırdığı işə də toxunur. Məhkəmənin Böyük Palatası 10 noyabr 2005-ci il qərarında baş örtüyünə qoyulan məhdudiyyətin dini etiqad azadlığına müdaxilə olduğunu qəbul etsə də, konkret halda Konvensiyanın 9-cu maddəsinin pozulmadığı qənaətinə gəlib. Yazıda bu qərar dövlətlərin dini simvolların ictimai məkanda istifadəsini müəyyən qanuni şərtlərlə tənzimləyə bilməsi baxımından xatırladılır.
Təhlildə qeyd olunur ki, “Bir millət, iki dövlət” ifadəsi ortaq tarix və mədəni bağlarla yanaşı, iki müstəqil dövlətin mövcudluğunu da nəzərdə tutur. Müəllifin fikrincə, qardaşlıq münasibətləri tərəflərin suverenliyinə və daxili qərarlarına qarşılıqlı hörmət üzərində qurulmalıdır; Türkiyə ilə strateji tərəfdaşlıq Azərbaycanın öz hüquqi və siyasi seçimlərini müstəqil müəyyənləşdirmək hüququnu dəyişmir.
Əsas mənbə: APA
