Vətənim Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Şahinlərin Görüşü-2026” taktiki-uçuş təlimində iştirak etmək üçün Azərbaycana səfər edib.
Nümayəndə heyəti əvvəlcə Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin Hava Döyüş Komandanlığında təlimin gedişi, qarşıya qoyulan tapşırıqlar və hərbi qulluqçuların birgə fəaliyyəti barədə məlumat alıb. Qonaqlar şəxsi heyətlə görüşüb, təlimdə istifadə olunan aviasiya vasitələri və hərbi texnikaya baxıblar.
Daha sonra BƏƏ nümayəndələri Xüsusi Təyinatlı Qüvvələrin komandanlığında olublar. Görüşdə Azərbaycan və BƏƏ xüsusi təyinatlıları arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Səfər çərçivəsində Ali Al-Kaabi Şərəf Kitabına ürək sözlərini yazıb və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, qarşılıqlı təcrübə mübadiləsi baxımından belə səfərlərin əhəmiyyətini vurğulayıb.
Əsas mənbə: APA
