Vətənim Media xəbər verir ki, Bakıda Macarıstanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Mərasimi Macarıstanın Azərbaycandakı səfirliyi təşkil edib. Tədbirdə hökumət üzvləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma 23 oktyabrın macarların azadlıq günü kimi qeyd olunduğunu, 1956-cı il hadisələrinin ölkəsinin milli yaddaşında mühüm yer tutduğunu bildirib. O, Azərbaycanla Macarıstan arasında enerji, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıqdan danışıb. Səfir Macarıstan şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda iştirak etdiyini və ölkə iqtisadiyyatına investisiya yatırdığını qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Nərgiz Qurbanova Macarıstan xalqını təbrik edərək sülh və əmin-amanlıq arzulayıb. O, siyasi dialoqun, enerji və nəqliyyat əlaqələrinin, eləcə də “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Əsas mənbə: APA
