Vətənim Media xəbər verir ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə qaydalarına dəyişiklik edilib. APA-nın məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondunun bildirdiyi yeni şərtlər 2026-cı il oktyabrın 1-dən tətbiq olunacaq.
Kirayəçi müqavilə bağlandıqdan üç il sonra öhdəliyini başqa şəxsə ötürə biləcək. Öhdəliyini ötürən vətəndaş mexanizmdən yenidən istifadə etmək üçün ötürülmə tarixindən etibarən beş il gözləməlidir. Müraciət edən şəxsin Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmamalı, kredit tarixçəsi isə müsbət və ya qənaətbəxş qiymətləndirilməlidir.
Fondun məlumatına görə, 2020–2026-cı illərdə Bakı, Sumqayıt və Abşerondakı 17 yaşayış kompleksində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. Bu müddətdə 10 mindən çox kirayə müqaviləsi rəsmiləşdirilib. Fond dəyişikliklərin mənzillərin əlçatanlığını artırmaq, prosesləri şəffaflaşdırmaq və sui-istifadənin qarşısını almaq məqsədi daşıdığını bildirib.
Əsas mənbə: APA
