Vətənim Media xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı, insanların isə bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan məlumatları əsassız iddialar və açıq dezinformasiya kimi qiymətləndirib. APA-nın məlumatına görə, Şuranın açıqlamasında bu məlumatların dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və Azərbaycan haqqında yanlış təsəvvür yaratmağa yönəldiyi bildirilib.
Şura ayrı-ayrı siyasi və ictimai şəxslərin saxta məlumatların yayılmasında iştirak etməsini, eləcə də iddiaları təhqiramiz ifadələrlə təqdim etməsini ictimai məsuliyyətə zidd və auditoriyaya təsir imkanlarından sui-istifadə kimi dəyərləndirib. Qurum media nümayəndələrini, siyasi və ictimai şəxsləri məsuliyyətli davranmağa, ictimaiyyəti isə məlumatları etibarlı mənbələrdən yoxlamağa və dezinformasiyanın yayılmasına vasitəçi olmamağa çağırıb.
Əsas mənbə: APA

