Vətənim Media xəbər verir ki, oktyabrın 22-də Bakıda Azərbaycan və Norveç xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Eivind Vad Petersson rəhbərlik edib.
Tərəflər siyasi əlaqələrin hazırkı vəziyyətini və ikitərəfli dialoqun davamlılığını müzakirə ediblər. Ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri, müqavilə-hüquq bazası və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət də gündəmdə olub.
Görüşdə regiondakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və minatəmizləmə tədbirləri barədə məlumat verilib. Tərəflər digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Əsas mənbə: APA
