Vətənim Media xəbər verir ki, NASA-nın Perseverance roveri Marsın Jezero kraterindən kənardakı Lac de Charmes bölgəsində yerləşən Idubi ərazisində qeyri-adi parlaq süxurları araşdırır. Roverin SuperCam cihazından Yerə ötürülən yeni məlumatlar süxurların maqmatik mənşəli olmadığını və hidratlı silisiumla zəngin olduğunu göstərib.
NASA-nın məlumatına görə, hidratlı silisium Yerdə hidrotermal, torpaqəmələgəlmə və yeraltı sularla əlaqəli mühitlərdə yarana bilər. Bu çöküntülər Marsın su tarixini öyrənmək baxımından maraq doğurur. Silisiumun mikrofosilləri qoruma qabiliyyəti də onu qədim həyat izlərinin axtarışı üçün əhəmiyyətli edir.
Perseverance daha əvvəl Jezero kraterinin daxili kənarında silisiumla zəngin süxurlarla qarşılaşsa da, həmin çöküntülər yaxın məsafədən təhlil üçün kiçik olub. NASA bildirir ki, Idubidəki süxurlar daha böyükdür və onların kimyəvi-mineraloji tərkibini araşdırmaq üçün roverin ətraflı tədqiqatı davam edir.
Əsas mənbə: NASA
