Vətənim Media xəbər verir ki, “AzerGold” QSC-nin qızıl və gümüş məhsullarının sərgi-səyyar satış günləri Naxçıvan şəhərində üç gün davam edib. APA-nın məlumatına görə, tədbirdə ümumilikdə 27 çeşiddə sikkə, eləcə də müxtəlif qızıl və gümüş məmulatları təqdim olunub.
Sərgidə “Naxçıvan” və “Qarabağ” kolleksiyaları, həmçinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi nümayiş etdirilib. Ziyarətçilərin diqqətini Əcəmi Naxçıvaninin 900 illik yubileyinə ithaf olunan, xüsusi relyefli üçölçülü gümüş xatirə sikkəsi də cəlb edib. İştirakçılar məhsulları tədbir yerində əldə edə biliblər.
“AzerGold”un 2026–2028-ci illər üzrə strategiyasına əsasən, şirkət qiymətli metal məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsi üçün Naxçıvanla yanaşı, ölkənin digər bölgələrində də sərgi-səyyar satış günləri təşkil etməyi planlaşdırır.
Əsas mənbə: APA
