Vətənim Media xəbər verir ki, Moskvada Azərbaycan və Rusiya arasında ticarət və iqtisadi əməkdaşlığın perspektivlərinə həsr olunan işgüzar səhər yeməyi keçirilib. Tədbiri iki ölkənin işgüzar şuraları Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə təşkil edib.
Görüşdə dövlət qurumlarının, şirkətlərin və biznes dairələrinin nümayəndələri ticarət və investisiya sahəsindəki vəziyyəti, qarşılıqlı ticarətin artırılmasını, birgə müəssisələrin yaradılmasını və biznes üçün maneələrin aradan qaldırılmasını müzakirə ediblər. İştirakçılar regionlararası əməkdaşlığın dərinləşdirilməsini və regionların birbaşa investisiya və istehsal layihələrində iştirakını inkişafın əsas istiqamətlərindən biri kimi qeyd ediblər.
Azərbaycan-Rusiya Biznes Şurasının sədri Emin Ağalarov görüş çərçivəsində “Sea Breeze” layihəsini təqdim edib. İştirakçılar sənaye əməkdaşlığını, istehsalın lokallaşdırılmasını, ixrac-idxal əməliyyatlarına kredit dəstəyini və yeni birgə layihələri inkişaf etdirməyə maraqlı olduqlarını bildiriblər.
Əsas mənbə: APA
