Turkustan.info xəbər verir ki, universitetin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Səbinə Novruzzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, bu ali təhsil ocağının rəhbərliyi, professor və müəllim heyəti, həmçinin azərbaycanlı və gürcü tələbələr iştirak edib.
Universitetin rektoru, professor Zauri Amilaxvari tədbiri açıq elan edərək, iki xalqın dostluğundan qürur duyduğunu bildirib: “Gürcüstanda çoxlu azərbaycanlı yaşayır. Bizim dostluq münasibətimiz olmalıdır. Nəzərə almalıyıq ki, dünyada müharibələr gedir, çoxlu şəhid veririk. Ümid edirik ki, torpaqlarımız qayıdacaq, dünyada sülh olacaq. 20 yanvar və 9 aprel Sovet dövləti cavanlarımızı şəhid etdi”.
Onun sözlərindən sonra Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səbinə Novruzzadənin Sovet imperiyasının 1989-cu il aprelin 9-da Gürcüstanda və 1990-ci ilin 20 yanvarında Azərbaycanda törətdiyi qətliamların səbəb və nəticələri barədə məlumatından sonra bu tarixi günlərlə bağlı sənədli film nümayiş etdirilib.
Daha sonra Azərbaycan səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov çıxış edərək deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc sakinlər – qocalar, qadınlar, uşaqlar, gənclər xüsusi amansızlıqla qətlə yetirildi. Ancaq bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi. Şübhəsiz ki, 20 Yanvar tariximizdə ən qanlı səhifələrdən biridir. Bununla belə, hamımız, ölkəmiz üçün olduqca əlamətdar gündür. Faciə xalqımızı sıx birləşdirdi, nəticədə müstəqil hüquqi dövlət yarada bildik.
20 yanvar, 9 aprel və digər faciələr xalqımızın milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq, dövlət müstəqilliyimizin bərpasının qarşısını bütün vasitələrlə almaq məqsədi daşıyan təcavüzkarlıq aksiyası idi.
Diplomat, xalqımızın müstəqillik mübarizəsindən, 20 Yanvar qətliamı barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, bu faciəyə siyasi-hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.
O həmçinin vurğulayıb ki, 20 yanvar 1990-cı ildə 5 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı faciə zamanı həlak olub. Səfirlik hər il onların ailələrini yad edir, başsağlığı verir.
Tarixçi alim Quram Marxuliya Azərbaycan və gürcü xalqları arasındakı oxşar talelərdən, müstəqillik uğurundakı mübarizə tarixindən söz açıb, 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğınlar arasında paralellər aparıb.
O, bu cür anım tədbirlərində gənc nəslin nümayəndələrinin iştirakını yüksək dəyərləndirib, tələbə və gəncləri dövlətin ətrafında sıx birləşməyə, xalqın şanlı tarixini dərindən öyrənməyə çağırıb.
Q.Marxuliya vurğulayıb ki, Tbilisidə və Bakıda törədilmiş qırğınların bir səbəbi də ermənilərin bizə qarşı irəli sürdükləri ərazi iddiaları ilə bağlıdır.
Sonda jurnalist Nizami Məmmədzadə, Çingizxan Yaqubov, Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, Cavaxişvili adına Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycanın dostları” klubunun əlaqələndiricisi Leyla Əmrahova və başqaları çıxış edərək Azərbaycan dövlətinin inkişafından, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixindən söz açıblar.



