Adını yana-yana silirəm…
Onunla hər şey haqqında söhbət edə bilərdik .Yaxsi dost gözəl sənətkar və sözün əsl mənasında insan idi. Etibarlı, sədaqətli insan. Təpədən-dırnağa ziyalı idi. Kitabların dostu idi. Kitablar onun dunyası, var –dövlətiydi. İstənilən bədii kitab haqqında söhbət düşəndə onun haqqında fikir yürüdə bilirdi. Mütaliyəsi güclü idi. Elə ona görə də söz bazası zəngin idi. Sözü əyməzdi, çeynəməzdi, sərrast ifadə edərdi. Dilimizin gözəlliyini sevə-sevə nümayiş etdirərdi. Sözün sərrafiydı, sözlər onun qəlbindən keçən bir musiqi idi. O hər hansı bir seiri söyləyəndə sanki böyük orkestr çalirdi.
Onda sarı simlər, həyəcan qavalları, tar, kaman, hər şey səslənirdi. Ürəyi isə dediyim böyük orkestrin tonallığını tənzimləyirdi. Hansı mövzuda material oxuyurdusa profesional idi. Dünya olaylarından tutmuş və dünya olaylarından xəbərsiz olan uşaqlara qədər hər ssenari onun dilində bişirdi. Sözlərinin dadı-duzu var idi. Nə qədər böyük sənətkar idisə o qədər də sadə insan idi. Sadə insanın da ölümü sadə oldu. Həyatını verdiyi isinin basında bir anın icində susdu. Əbədi susdu. Bir anın görün nə qədər böyük hökmü olur. Bbir insan taleyini alır qanadlarına ve aparır uzaqlara… Hara gedirsən, niyə gedirsən deməyə macalımız da qalmır. Sənə deməyə də macalım çatmadı, Bəxtiyar… Hələ nə qədər islərimiz, nə qədər arzularımız vardı. Adını telefonumdan yana-yana silirəm. Çunki o nömrədən sənin heç vaxt səsin gəlməyəcək. Fəqət yaddaşımda sən adlı bir səs həmişə olacaq. Nə yaxşı ki, tanrı insana dözüm adlı bir hiss verib, daş kimi də yaddaş verib. Yoxsa adam dəli olardı vaxtsız itkilərdən, ya da dözülməz həyat faciələrə. b ən azından Allahıma şükr edirəm ki, sənin İNSANI tanıdım və dostlasdim. Allah o dunyanı versin. Nə vaxtsa görusərik. Görüşənədək əziz dost…

