BAYRAĞI TANIMASA DA, BAZARI YAXŞI TANIYAN YPX ƏMƏKDAŞI

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 
Dünən Azərbaycan xalqı 9 noyabr – Dövlət Bayrağı Gününü böyük coşqu ilə qeyd etdi. Zənnimizcə, ölkə vətəndaşları arasında təqvimin bu səhifəsinin əhəmiyyətini başa düşməyən, onun necə, hansı hadisələrdən qaynaqlandığını bilməyən olmazdı. Hətta ölkənin siyasi-ictimai həyatında baş verənlərə bu bayram və əlamətdar günləri tanımayacaq qədər laqeyd birisi tapılsa belə həmin adamın normal bir fərd olduğuna inanmaq bizim üçün çətin olardı. Amma təəssüf ki, rast gəldik. Özü də “hər günü bayram edən dəlilər” arasında deyil, ağıllı olması həm də vəzifə borcu olan yol polisi işçiləri arasında.

Paytaxtın Nizami rayonu ərazisində, “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin arxa tərəfində (Naxçıvanski küçəsi) xidmət aparan 99 YPX 337 dövlət nömrə nişanlı ekipajın üzvləri binaların araxasında gizlənərək, pusquda dayanırlar. Əsasən bazara kənd təsərrüfatı malları gətirən rayon maşınlarının sürücülərini hədəfə alırlar. Həmin ərazinin necə izdihamlı olduğundan hamının xəbəri var. Amma avtomobil və piyada nə qədər çox görünsə belə, sürət aşağı olduğundan, qəza törədilməsi ehtimalı başqa yol nahiyyələrinə nisbətdə çox azdır. Bu qəzasızlıq mühiti məhz nəqliyyat vasitələri istifadəçilərinin bir-birinə yol verərkən törətdikləri xırda “qayda pozuntuları” hesabına təmin olunur. Bunaları müşahidə edən 337-ci ekipaj sanki timsah çayda şikarına hücum edirmiş kimi hərəkətə keçir və hədəfini sıxma-boğmaya salır. Sonucda nəyə nail olması da bəllidir: Ya cərimə protokolu, ya da…

Bildirilir ki, bazar işçilərinin fəaliyyətinə mane olan, paytaxt sakinlərinin ərzaqla təminatı işini axsadan 337-ci ekipaj hətta kənd təsərrüfatı məhsullarının maya dəyərinə belə mənfi təsir göstərir. Təəccüblüdür ki, hökumət Bakıda ərzağın qiymətini süni qaldıranlarla mübarizə üsulu kimi ucuz yarmarkalar təşkil edir, amma yol-patrul xidməti əməkdaşları öz destruktiv fəaliyyətləri ilə buna mane olurlar. Daha acınacaqlı hal budur ki, həmin ekipaj hətta ətrafdakıların haqlı iradlarına belə məhəl qoymur. Dünən ekipaj üzvlərinə sakinlərdən biri irad tutub ki, barı bu gün hərəkət iştirakçılarını incitməyin, bayramdı, imkan verin camaat alış-verişini etsin. Bazarın arxa tərəfində, (Naxçıvanski küçəsi) binaların arasında niyə gizlənirsiz, gedin bazarın qabağında Qara Qarayev prospektində yol hərəkətini tənzimləyin. Əgər düzgün xidmət aparmaq istəyirsinizsə, və polis adını uca tutmaq istəyirsinizsə, bu işlərdən əl çəkin. Özünü DYP Yol patrul xidməti inspektoru polis siravisi Orxan Sadiqov kimi təqdim edən ekipaj üzvü 9 Noyabrın hansı bayram olduğunu bilməyib, həmin şəxsdən soruşub ki, nə bayramıdır. Təsəvvür edirsinizmi bu nə deməkdir? Demək, YPX ekipajının dərrakəsi milli təqvimimizin qırmızı səhifələrini öyrənməyə deyil, yalnız kənd adamlarını incitməyə çatır. Əgər həmin ekipaj bəlkə də heç dislokasiya yeri olmayan həmin daldanacaqdan çıxıb ətrafdakı digər yollara nəzər salsaydı, bəlkə də bayraqlarla bəzədilmiş avtomobilləri görərdi.

Kənan Məmmədzadə

Vətənim Media Shorts

YouTube-da aç ↗