Vətənim Media xəbər verir ki, Haaqa şəhərinin mərkəzində gənclərin keçirdiyi kortəbii etiraz aksiyası zamanı 34 nəfər saxlanılıb. “Hart van Nederland” portalının məlumatına görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır. Onlar zorakılıq, pirotexniki vasitələrdən qanunsuz istifadə və üzü gizlədən geyim qadağasını pozmaqda şübhəli bilinirlər.
Etirazçılar polis əməkdaşlarına yandırılmış pirotexniki vasitələr atıblar. Bir polis əməkdaşı xəsarət alıb və eşitmə qabiliyyətinin zədələnməsindən şübhələnildiyi üçün xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, qarşıdurmalara baxmayaraq, qarət və vandalizmin qarşısı alınıb.
Haaqa Sahibkarlar Birliyinin rəhbəri Bas Vinkler təhlükəsizlik tədbirlərinin yerli mağazalara minlərlə avro zərər vura biləcəyini bildirib. Onun sözlərinə görə, bəzi sahibkarlar vitrinlərini taxta lövhələrlə örtüb, fəaliyyətlərini müvəqqəti dayandırıblar. Vinkler bələdiyyə ilə müzakirələr aparmaq və qanunsuz etirazlara, qarətlərə çağırış edənlərdən zərərin ödənilməsini tələb etmək imkanlarını araşdırmaq niyyətindədir.
Əsas mənbə: APA
