“Üç zurnaçı tanıyiram: biri elə çalır, biri belə çalır, biri də elə – belə çalır…” Böyük şair Fikrət Sadıq təkcə zurnaçıları tanımırdı, adamları da yaxşı tanıyirdı, güclü müşahidə qabiliyyətinə malik idi. Duzlu, məzəli söhbətləri şeirləri qədər maraqla qarşılanırdı. “Səhər” qəzetinə 20 Yanvar qırğınına həsr etdiyi “Dəymə mənim buluduma” adlı bir şeir gətirmişdi. Dedi ki, çox adama göstərdim, vermədi, ümidim sənə qalıb. Təbii ki, ertəsi gün hamı o şeirdən danışırdı. Fikrət Sadıq qanlı şənbəyə münasibətini özünəməxsus şəkildə ifadə eləmişdi. Özü həmişə deyərdi ki, mənim qəlbimdə kitablarımın öz yeri var, bu şeirin öz yeri…
Yetmişinci illərin əvvəllərini, Fikrət Sadığın qışın soyuğunda, yayın istisində Çuxuryurddan Şamaxıya, “Gənc Sabirçilər” ədəbi məclisinə gəldiyi vaxtları xatırlayıram. Biz ondan kiçik idik, yanında gəzib – dolaşırdıq ki, adımız çıxsın. Məclisdə həmişə pəncərənin qırağında, İsmayıllıdan gələn Musa Yaqubla yanaşı oturardı. Onların söhbətini dinləməyin özü bir məktəb idi. Fikrət Sadığı yaxşı tanıyırdılar, sevirdilər. Özü də təkcə Şamaxıda yox, sorağı Bakıya da gəlib çıxmışdı. İllər keçdi, kitabları nəşr olundu, ədəbi ictimaiyyətin tanınmış simalarından birinə çevrildi. Amma doğma Şamaxını unutmadı, yurduna, onun adamlarına məhəbbətini azaltmadı. Bu məhəbbət qarşılıqlı idi…
Belə bir ifadə var, bəzi qələm sahiblərindən söz düşəndə deyirlər ki, o, təpədən – dırnağadək şair idi. Ağ saçları, oturuşu, duruşu, baxışı, danışığı, hazırcavablığı, üzünün nuru və əlbəttə, zəngin yaradıcılığı ilə Fikrət Sadıq da əsl şair idi…
Fikrət Sadıq haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Ədəbiyyatımız, ictimaiyyətimiz, xalqımız çox görkəmli ziyalısını itirdi. Bircə təsəllimiz odur ki, indi Fikrət Sadığın ocağı başında böyük şairimizin şah əsəri – oğlu Orxan Fikrətoğlu əyləşəcək…

