Rus komissarı Tağıyevi nəyə məcbur etmək istəyirdi… Cavabı nə oldu?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Həmçinin o dövrün məşhur milyonçusu, mesenat  Hacı Zeynalabdin Tağıyevin də bütün əmlakı müsadirə olunur. Bununla yanaşı rus- sovet qoşunlarının xərclərini təmin etməyə məcbur edilir. Əlbəttə ki, bu vəziyyət Tağıyevin ürəyincə olmur və məşhur xeyriyyəçi qarşılaşdıqlarına dözə bilməyib  1924-cü ilin sentyabr aynın 1-də vəfat edir.
Filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə Turkustan.info-ya Hacı Zeynalabdin Tağıyevlə bağlı maraqlı bir xatirəni təqdim edib.
“Yadımdadır, hələ çox-çox bundan qabaq bu əhvalatı mənə atam danışmışdı. Bakı milyonçusu Hacı Zeynalabiddin Tağıyev rus– sovet qoşunlarının Bakını işğalından sonra həmin qoşunları təmin etməyə məcbur edilir. Dünyanın istisini-soyuğunu, ağını-qarasını görən bu müdrik ağsaqqal ilə gözlərindən qan daman səlahiyyətli rus komissarı üz-üzə dayanır. Hacı dilənir:
– Sizin əsgərlərin illik təminatını üzərimə götürürəm. Əsgərlərin bir ildə olacaq bütün yemək-içməyini, papağından şalvarınacan bütün geyimini verəcəyəm. Yalnız çəkmələrini verməyəcəyəm!
Hacının bu qəribə şərtini eşidən komissarın dişləri ağarır:
– Hacı, bütün geyim-kecimlərini verəcəyin halda niyə məhz çəkmələrini vermək   dən imtina edirsən? Qəribə deyilmi?
Hacı tənəli-tənəli gülümsünür:
– Əsgərlərin çəkmələrini də mən versəm onda ordu gərək sizə yox, mənə qulluq eləsin”.
Bu xatirədən də görünür ki, rus imperiyası nə qədər çalısa da Tağıyevi mənəvi olaraq sındırmağı bacarmayıb. Yeri gəldikdə  qorxmadan, çəkinmədən onların layiqli cavabını verib. Bu xatirə həm də H.Z.Tağıyevin müdrikliyinin bir daha göstəricisidir. Allah, əsil millət atası olan Hacı Zeynalabdinə də, onu yaddaşdan-yaddaşa ötürüb unudulmağa qoymayanlara rəhmət eləsin.

Vətənim Media Shorts

YouTube-da aç ↗