Faiq Ələkbər
Bu gün (12 mart 2017-ci il) Bütöv Azərbaycan Ocaqları olaraq Qacarlar sülaləsinin nümayəndəsi, akademik Çingiz Qacarın evində olduq.
Sözün açığı, Qacarlardan yazdığıma görə, Çingiz müəllimlə görüşməyi çoxdan istəyirdim.Ancaq son olaylar, yəni Çingiz müəlimin adından ilk baxışda antitürk əhval-ruhiyyəli mətbuatdakı fikirləri bu görüşməmizin baş tutmasına ciddi zəmin oldu.
Çingiz müəllim saytlarda gedən müsahibəsində fikirlərinin təhrif olunduğunu və bununla bağlı mətbuata açıq məktub ünvanlayacağını söylədi.
Qacar soyadını daşıyanların Türklərin və Türkiyənin düşməni olmasını absurd adlandıran Çingiz müəllim bildirdi ki, onlar Sovetlər Birliyi dövründə belə Türk Qacar soy adından imtina etmədikləri halda, indi Türk düşməni kimi qələmə verilmələri cəfəngiyyatdır. “Necə ola bilər ki, bütün ömrü boyu Qacar soyadını daşıyan bir insan Türk düşməni ola bilər?”, deyən Çingiz müəllim dedi ki, onu Türkiyədə həmişə sevgi və hörmətlə qarşılayıblar.
Bununla yanaşı, Türk xalqları, Türk İrqi var ki, Azərbaycan Türkləri, azərbaycanlılar da onun bir qoludur. Şübhəsiz, Çingiz müəllimin Azərbaycan, azərbaycanlılar anlayışına da həssaslıqla yanaşması başa düşüləndir. Ancaq Çingiz müəllimin özünün də dediyi kimi, elə bu azərbaycanlıların böyük qismi də Qacar türkləridir. Bu anlamda Çingiz müəllimin Azərbaycana olan sevgisylə, Türklük məsələsinə münasibəti biri-birini tamamlayır.
Mən də hesab edirəm ki, Çingiz Qacarla bağlı məsələdə tələskənliyə yol verilmişdir. Qacarlar sülaləsinin nümayəndəsinin Türk və Türkiyə düşməni kimi qələmə verilməsi kökündən yanlışdır. Əgər hər hansı jurnalis onun fikirlərini kontekstdən çıxararaq başqa yerə yozmuşlarsa, məsələni dəqiqləşdirmək lazımdır. Zatən, Çingiz müəllim mətbuata ünvanlayacağı təkzib məktubunda bütün bunlara aydınlıq gətirmişdir!

