Müharibəni yenidən başladacaq səbəblər açıqlanıb
“Yaxın Şərqdə müşahidə edilən ümumi qeyri-sabitlik müstəvisi Dağlıq Qarabağda status-kvonu laxladan əsas səbəblərdən biridir”.
İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın “1in.am” portalına video müsahibəsində rusiyalı politoloq, “Valday” beynəlxalq diskussiya klubunun elmi direktoru Fyodr Lukyanov İrəvanda keçirilmiş tədbir zamanı bildirib.
“İlk partlayışlar ümumi kontekst kəskin gərginləşəndə başladı”.
“İlk partlayışlar ümumi kontekst kəskin gərginləşəndə başladı. Bu həm Rusiya, həm də Yaxın Şərqlə bağlıdır. İndi vəziyyət tamamilə qeyri-müəyyəndir. ABŞ-ın yeni administrasiyasının prioritetləri bu sahədə də qeyri-müəyyəndir… İran güclü təzyiq, o cümlədən güclü hərbi təzyiq hədəfinə çevriləcəkmi, yoxsa yox? Burada xeyli müəyyənlik var, böyük ehtimalla çevriləcək. Təəssüf ki, biz bu vəziyyətin girovuna çevrilirik”,- deyə politoloq vurğulayır.
Erməni jurnalist münaqişədə Rusiyanın əngəlləyici rolu, yəni Azərbaycanın hücumuna mane olmaq niyyəti barədə də sual verib və Lavrovun “Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatını xatırladıb. Fyodr Lukyanov suala konkret cavab verməyib: “Sadəcə, Yaxın Şarqin təcrübəsindən görünür ki, bu heç kimə əlverişli deyil… Ümumiyyətlə, qeyri-sabitlik varsa, bu, ümumi qeyri-sabitlikdir”.
Fyodor Lukyanovun Rusiya silahlı qüvvələrinin münaqişədə birbaşa iştrakını da istisna edib: “Rusiya hərbi qüvvələri ilə müdaxilə edəcəkmi? Yox, bu lokal münaqişə nə qədər ki, formal olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərində gedir, müdaxilə etməyəcək”.
Göründüyü kimi, Fyodr Lukyanov münaqişəyə Rusiyanın müdaxilə etməyəcəyini vurğulayıb. Bu isə erməni cəmiyyətində ciddi xofa səbəb olur. Çünki Ermənistan Azərbaycanla müqayisədə çox hazırlıqlı olduğu 1990-cı illərdə belə Rusiyanın dəstəyi olmadan Qarabağda üsitünlük əldə edə bilməmişdi. Baxmayaraq ki, Moskva 80 minlik Ermənistan ordusunu mülki müdafiə dəstələri adı altında hələ münaqişə barədə söhbətin belə getmədiyi 1987-ci ildə yaratmağa başlamışdı və 1989-cu ildə Dağlıq Qarabağın ərazisini bu ordunun ixtiyarına vermişdi, amma Azərbaycan müstəqillik əldə edən kimi qısa bir zamanda könüllülərdən ibarət dəstələrlə Dağlıq Qarabağın böyük hissəsini nəzarətə götürə bildi. Ermənistan yalnız Rusiyanın birbaşa köməyi nəticəsində Azərbaycan torpaqlarının 20 faizini işğal edə bildi. Görünür, indiki beynəlxalq qüvvələr balansı Rusiyanın bu cür davranmasına imkan verir.
