Müdafiə naziri müasir silahların transferinə icazə verməyəcəklərini deyib
İsrail Suriyaya xəbərdarlıq edib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İsrailin müdafiə naziri Aviqdor Liberman Tel HaŞomer hərbi bazasında gənc əsgərlərlə bir araya gəlib. O, deyib ki, əgər İsrail təyyarələri Suriya rejiminə aid havadan müdafiə sistemləri tərəfindən narahat edilərsə İsrail bu ölkənin bütün müdafiə sistemlərini yerlə bir edəcək. “İsrail Suriyadan “Hizbullah”a silah daşınmasına əsla icazə verməyəcək”.
O, daha öncəki açıqlamasında ölkəsinin cümə günü Suriyada həyata keçirdiyi bomabrdımanı “Hizbullah”a müasir silahların transferinin qarşısını almaq üçün etdiklərini demiş və gərəkirsə bunu təkrar edə biləcəklərinin siqnalını vermişdi.
İsrail Suriyada daxili qarşıdurmalar başladığı 2011-ci ildən bu yana Qolan Təpələrindən torpaqlarına raket atıldığını iddia edərək müəyyən fasilələrlə “Hizbullah” qüvvələri, rejimə aid hərbi bazaların olduğu nöqtələrə əməliyyat həyata keçirir.
Qeyd edək ki, cümə günü baş verən hərbi əməliyyatla bağlı Rusiya da öz narahatlığını ifadə edib. İstiPress-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, İsrailin bu ölkədəki səfiri Hari Koren XİN-ə çağırılıb.
Mart ayının 17-də gecə saatlarında 4 İsrail hərbi təyyarəsi Suriyanın hava məkanınını pozub və ordunun hərbi obyektlərindən birinə zərbə endirib. Suriya ordusu açıqlama yayaraq iki İsrail təyyarəsini vurduqlarını iddia edib. Lakin qarşı tərəf bu iddiaları təkzib edib.
