Uzun müddətdən bəridir ki, ağır xəstəlikdən Türkiyədə müalicə alan tanınmış sənətçi, aşıq Azər Xanlaroğlunun səhhətindəki problemlər aradan qaldırılmaq üzrədir. Yaxın günlərdə müalicəsinin başa çatacağı gözlənilir. Sağlamlığında yaranan problemlərdən yana bir müddət sənətindən uzaq durmaq məcburiyyətində qalan A.Xanlaroğlu yenidən böyük şövq və həvəslə sazına sarılaraq bir-birindən bənzərsiz ifalarını təqdim etməklə öz pərəstişkarlarını sevindirmək niyyətindədir.
Bu barədə Azər Xanlaroğlunun özü məlumat verib. Elə müalicə aldığı İstanbul şəhərində yeni bir layihəyə başıladıqlarını bildirən aşığın sözlərinə görə, bu işə böyük həvəslə girişiblər. Ünlü türk ozanı Maksut Koca Fəryadinin oğlunun çalışdığı səsyazma studiyasında yeni mahnıların və ifaların yazılışına start verilib.
Azər Xanlaroğlu yeni layihəsində həmyerlimiz, istedadlı gənc müğənni Rəşad Altunsəslə birgə çalışacaq.
Qeyd edək ki, R.Altunsəs Türkiyədə keçirilən mahnı yarışmasında qardaş ölkə tamaşaçılarının böyük coşqusu ilə qarşılanıb. Yarışmada ikinci yerə layiq görülən Rəşad Altunsəs, öz gözəl ifasıyla hətta hətta məşhur İbrahim Tatlısəsi də heyrətləndirməyi bacarıb.
Səhhəti ilə bağlı son yeniliklərdən də bəhs edən aşıq A.Xanlaroğlu, hələ iyunun 15-ə qədər İstanbulda qalacağını bildirdi. Çünki müalicəsi təqvimin bu günündə başa çatmalıdı. Onun Bakıya qayıdışı da yalnız bundan sonra baş tutacaq.
