Bugün “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə “lDEC təhsil mərkəzi”nin ofisində, bu il Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrlə bağlı tədbir keçirilib.
Tədbir iştirakçılarını salamlayan “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ qazisi, tanınmış jurnalist Şamil Sabiroğlu tələbələri yüksək nəticə ilə Ali məktəblərə qəbul olmaları münasibətilə təbrik edib. O, öz çıxışında tələbələrin ictimai işlərdə daim aktiv olmalarının vacibliyini diqqətə çatdıraraq: “Mən əminəm ki, siz gənclər Azərbaycanın sabahı olduğunuz üçün, gələcəkdə dövlətimizi daha da yeni-yeni uğurlara aparacaqsınız. Biz təkcə Dağlıq Qarabağ probleminin həllində deyil, ümumilikdə ölkəmizin hərtərəfli inkişafında sizdən bəhrələnəcəyik” – deyib.
Sonra tələbələr Şamil Sabiroğlu və Eluca Atalı tərəfindən “Təltifnamə” və “Tiqranizm Xocalıda” kitabı ilə mükafatlandırılıblar.
Daha sonra İctimai Birliyin sədri “Əsgərə kitab ver” və “Yeddi şəhid, yeddi qazi” adlı iki yeni layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda tanınmış psixoloq Rəvan Sultanov iştirakçılara “Uğur qazanmağın yolları” adlı motivasiya təlimi keçib.
Nuray Rəşid, BSU-nun jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi
