Vətənim Media xəbər verir ki, oktyabrın 13-də Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh gündəliyində əldə olunan razılaşmaları, eləcə də onların regional əməkdaşlıq üçün yarada biləcəyi imkanları müzakirə ediblər.
Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayaraq, Zəngəzur dəhlizi və TRIPP layihəsinin əhəmiyyətindən danışıb. Layihənin həyata keçirilməsinin Naxçıvanla Azərbaycanın digər əraziləri arasında quru əlaqəsi yaratması, dəmir yolu ilə Türkiyə bağlantısını gücləndirməsi nəzərdə tutulur. Görüşdə enerji, bərpaolunan enerji, kənd təsərrüfatı, turizm və metallurgiya sahələrində imkanlar, sahibkarlar üçün vergi güzəştləri və investisiya mühiti də müzakirə olunub. Durrani-Camal bankın layihələrin maliyyələşdirilməsi, o cümlədən güzəştli kreditlər üzrə imkanlarını qeyd edib; tərəflər gələcək əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
Əsas mənbə: APA
