Tramp oktyabrın 15-dək İranla nüvə anlaşmasının taleyini həll edəcək; Tehran isə Vaşinqtonu cavab zərbələri ilə hədələyir…
ABŞ prezidenti Donald Trampın İran və “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında 2015-ci ildə imzalanmış sazişi ləğv etməsi niyyəti hələ də qalır. Oktyabr ayında Tramp nüvə anlaşmasına əsasən İrana qarşı sanksiyaların ləğvini uzatmalıdır. Ancaq prezidentin hərəkətlərindən belə görünür ki, o sazişi uzatmaq niyyətində deyil.
Bu isə Obama zamanında uzunmüddətli diplomatik fəaliyyətdən sonra əldə olunmuş müqavilənin pozulması demək olacaq. Doğrudur, sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısında Avropa ölkələri İranla sazişin pozulmasına qarşı çıxdılar. Bundan başqa Konqresdə keçirilən dinləmələrdə də müdafiə naziri Ceyms Mattis İranla anlaşmanın pozulmasına səbəb olmadığını bildirdi. Ancaq prezident və komandası İranın Yaxın Şərqdə terrorçuluq və zorakılığın yayılmasında, qan tökülməsi və xaos yaratmaqda ittiham edib.
BBC “Financial Times”a istinadla yazır ki, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a, bu qurumun terrorçu təşkilatlar siyahısına salmaması üçün xəbərdarlıq edib. Korpus komandiri bildirib ki, ona qarşı sanksiyalar elan edilsə, keşikçilər də ABŞ hərbiyyəsini hədəfləməkdə sərbəst olacaqlar.
SEPAH hazırkı İranın əsas hərbi gücü hesab olunur. Bir növ inqilab qvardiyası kimi xüsusi statusa malikdir. Ali dini liderə tabe olan bu ordunun bütün sahələrdə – hava, dəniz, quru – döyüş birlikləri var. Bundan başqa İranın ölkə xaricində əməliyyatları da bu qurum vasitəsilə aparılır. SEPAH-ın terror təşkilatları siyahısına salınması ABŞ və İran arasında anlaşmaların pozulması deməkdir. Çünki SEPAH İran üçün mühüm əhəmiyyətə malikdir və ona qarşı sanksiyalar nüvə anlaşmasının ləğv olunması mənasına gəlir.
SEPAH komandiri general İbrahim Cəfəri SEPAH Strateji Şurasının toplantısında ABŞ hökumətinin İnqilab Keşikçilərini terror təşkilatına salmasına sərt etiraz edib. Cəfəri deyib ki, ABŞ-ın sanksiyaların vaxtını uzatmaqdan imtinası nüvə anlaşmasından birtərəfli şəkildə çəkilməsi mənasına gəlir. Eyni zamanda bildirib ki, SEPAHA-a qarşı embarqo tətbiq olunacağı halda Vaşinqton bölgədəki bazalarını İran raketləri mənzilindən – 2 min km – uzağa daşıması lazım gələcək. O deyib ki, sanksiya tətbiq olunacağı halda İnqilab Keşikçiləri Yaxın Şərq başda olmaqla bütün dünyada ABŞ ordusunu İŞİD-ə bərabər tutub, analoji münasibət göstərəcəklərini deyib.
General Cəfəri deyib ki, ABŞ-ın nüvə sazişindən çıxması İran İslam Respublikasına özünün adi müdafiə raket və regional proqramlarını inkişaf etdirmək imkanı verəcək. BBC-nin yaydığı xəbərdə deyilir ki, Tehrandakı Qərb diplomatları ABŞ-ın İnqilab Keşikçilərinə qarşı hər hansı hərəkəti İranın Yaxın Şərqdəki fəaliyyətini daha da pozucu edəcəyini deyiblər. “Biz amerikalılara dəfələrlə xəbərdarlıq etmişik ki, keşikçilər məsələsində İran rejimi sıralarını daha da möhkəmləndirəcək və Yaxın Şərqdə daha qorxunc qüvvəyə çevriləcək, amma ABŞ administrasiyası bizə qulaq asmaya bilər” – deyə qərbli diplomat qeyd edib.
![]()
“SEPAH-ın terrorçu adlandırılmasına İranın cavabı ciddi və sərt olacaq”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi ənənəvi brifinqdə deyib.
B.Qasimi deyib ki, İran Amerikanın hakim dairələrinin bu strateji və önəmli səhvi etməyəcəyinə ümid edir: “Onlar bu işi görmüş olsalar, İranın cavabı ciddi, ağır və sərt olacaq. Amerika gərək atacağı bu addımdan sonra baş verənlərin məsuliyyətini qəbul etsin”.
Qeyd edək ki, ABŞ prezidenti İran üzərindən sanksiyaları qaldıran qərarı oktyabrın 15-ədək ləğv edə bilər. Bundan sonra İranın üzərinə təkrar sanksiyaların qoyulması üçün Konqresin 60 gün vaxtı olacaq. Yəni qarşıdakı bir həftə bu mövzuda həlledici təqvim olacaq. İran prezidenti Həsən Ruhani ötən şənbə bildirib ki, nüvə sazişini geri döndərmək mümkün deyil və bu beynəlxalq razılaşmanın pozulmasına görə məsuliyyəti İran yox, Amerika daşıyacaq.
Prezident Trampın İranla sazişi ləğv etməsi heç şübhəsiz ki, bölgədə gərginliyi daha da artırmağa xidmət edir. Ancaq hazırda bu gərginlik Amerikanın özündə də hər kəs üçün əlverişli deyil. Məsələn, ABŞ ordusu Trampın nüvə sazişini ləğv etməsi fikrinə qarşıdır. Bunu dinləmələrdə nazir Mattis özü də bildirdi. Çünki Vaşinqton hazırda daha çox Yaxın Şərqdəki münaqişələrin həllinə. O cümlədən İraq və Əfqanıstanda sabitliyin əldə olunmasına çalışır. Üstəlik hazırda amerikalılar Suriyada kürdlərlə birlikdə İŞİD-ə qarşı savaşır, yeni kürd muxtariyyətinin əsasını qoyurlar. İndiki vaxtda Tehranla açıq qarşıdurmaya getmək Vaşinqton generalları üçün əlverişli deyil. Eyni reaksiya Avropa Birliyində var. Çünki Avropanın Fransa və Almaniya kimi aparıcı dövlətləri İranla anlaşmağa, bu ölkə ilə enerji, ticarət tərəfdaşlığını davam etdirməkdə maraqlıdır. Bu səbəbdən AB liderləri də nüvə anlaşmasına qarşı çıxdılar.
Görünür ki, İranla gərginlik daha çox Tramp administrasiyasının işinə gəlir. İrana qarşı sanksiyaların artırılması, nüvə anlaşmasının ləğvi istənilən halda Yaxın Şərqdə 10 il əvvəlki gərgin situasiyanın yaranmasına səbəb olacaq. Bu isə neft qiymətlərindən tutmuş, silah ticarətinə qədər müxtəlif sahələrdə aktivləşməyə gətirəcək.
Ancaq o da məlumdur ki, prezidentliyinin hələ bir ili tamam olmamış Donald Tramp Rusiya, Şimali Koreya, Kuba kimi ölkələrlə gərginlik yaratmağa nail olub. Ancaq yalnız bir dəfə Suriyadakı hökumət qüvvələri raket atəşinə tutuldu. Ancaq bunun əvəzində Yaxın Şərqdə ərəb ölkələri bloku arasında ciddi çat yarandı, Qətər və Səudiyyə Ərəbistanı arasında böhran baş verdi, Türkiyə və Amerika arasında münasibətlər pisləşdi. Yəni görünən odur ki, prezident Trampın tutduğu xətt dünya ölkələrini daha çox siyasi və regional böhranlara cəlb etmək, xaos situasiyası yaratmaqdır. İranla ABŞ-ın münasibətlərinin yenidən gərginləşməsi bölgədə narahatlığı artıracaq və münaqişələrə təsir edəcək.
