“Bizim Cəbiş müəllim”dəki məşhur epizod, yadınıza düşdümü?! Olar 15 il əvvəlin söhbəti. Jurnalist həmkarlardan birinin qohumu redaksiyamıza gəlib çıxmışdı. Rusiyada yaşayırdı. Bir az ordan-burdan söhbət elədik. Təzə tanış olmuşduq. Çalışırdım, ona “Siz” deyə müraciət edim. Birdən qayıtdı ki, “ayə, burda neçə nəfərlə danışırsan ki, siz deyirsən?! Mən cəmi bir nəfərəm axı!” Dedim bəlkə zarafat edir. Amma üzünə baxanda, gördüm yox, bu əziz qardaş, “Sən”lə “Siz”in ancaq təklik və çoxluq anlamından agahdır. Onun aləmində insan təkdirsə, müraciət forması “Sən” olmalıdır. Yox cüt və daha artıqdırsa, başqa məsələ, onda “Siz”ə adlamaq olar. “Sən”lə “Siz”in etik tərəflərindən isə səmimi-qəlbdən bixəbərdir. Söhbətin davamı yadımdan çıxıb. Amma böyük ehtimalla ona nəsə düz-əməlli izah verə bilmədim. Çünki dilçilikdən azdan-çoxdan anladıqlarımla heç indi də dəqiq yaza bilməyəcəyəm ki, insanlar bir-birinə niyə “Siz”, niyə “Sən” deyirlər?! Bunların ikisi də əvəzlikdir. Biri ikinci şəxsin təkindədir, o biri cəmində. Dildəki bütün sözlər kimi bu əvəzliklər də şərtidir. Onlar bir dil işarəsi olaraq qarşındakına hörmət, ya da hörmətsizlik mənasında heç nə ifadə eləmir. Amma tərslikdən “Sən”-“Siz” məsələsi dünyanın çox dillərində var. Deyilənə görə, bu söhbət feodalizm dövründən gəlir. Belə bir kitab var: “Müasir etiket”. 2004-cü ildə İrina Sokol adlı bir xarkovlu xanım tərtib edib. Orada çox maraqlı qaydalar ümumiləşdirilib. İnsanların ünsiyyət zamanı “Sən” və “Siz”lə bağlı əməl etməli olduqları əsas normalarsa belə müəyyənləşib. Oxumaq faydalı olar: -Yaxşı olar ki, uşaqlar istisna olmaqla, tanımadığın bütün adamlara “Siz” deyə müraciət edəsən. -Ünsiyyət zamanı “Siz”dən “Sən”ə keçməkdə tələsmə. Erkən ərkyanalıq qıcıq yaradır. -“Siz”dən “Sən”ə əvvəl yaşca böyük olan keçməlidir. -Əgər ünsiyyət qadın və kişi arasındadırsa, onda “Sən”ə keçid təşəbbüsü əvvəlcədən qarşılıqlı şəkildə razılaşdırılmalıdır. -Əgər birinin ona “Sən” deyilməsindən narazı qaldığını bilirsənsə, onunla ünsiyyətdə nəbadə belə bir səhvə yol verəsən.
Yadigar Cəfərli yazır – …Pulun var süzün?!
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
