Rüfət Muradlı
6-cı gündür ki, qonşu İranda etiraz aksiyaları davam etməkdədir.
Ölkənin ikinci şəhəri sayılan Məşhəddə əsasən kredit borclularının başladığı iddia edilən bu aksiyalar artıq ölkənin bütün nöqtələrində davam etməkdədir. Prezident Ruhaninin 2013-cü ildə və 2017-ci ildə yenidən seçilməsilə yeni iqtisadi dönəm elan edilsə də son beş ildə ölkə ciddi iqtisadi sorunlarla üz üzə qaldı. İranda demək olar ki, hər ay qiymətlərin bahalaşması haqda, eləcə də maliyyə sektorunda ciddi korrupsiyalar haqda məlumat alırdıq. 5 il öncə Ruhaniyə səs verən seçicilər həm də “üsulgəra- mühafizəkar” namizədlər müqabilində onun qərblə dil taparaq İrana qarşı embarqo və təzyiq siyasətinə son qoyacaqlarına ümid edirdiər. Amma nisbi iraliləyişlər olsa da gözlənilən əsaslı sonuclar baş vermədi. Durum isə daha də kəskinləşdi. Məşhəd etirazları sanki əhalinin daşan səbrini biruzə verməsi üçün bir fürsət oldu. Amma getdikcə etirazların mahiyyəti özünü iqtisadi istəklərdən siyasi tələblərə, hətta hökumət əleyhinə ağır siyasi ittiham və şüarlara verdi. Aksiyaçılar ölkənin ciddi iqtisadi sərvətlərinin talanması ilə bağlı hakimiyyət təmsilçilərini suçlamaqla bərabər İranın Livan Hizbullahına və Fələstinə illərdir etdiyi yardımlara da təpki göstərdilər. Məhz İranı ağır embarqolar müqabilində ayaqda saxlamağı bacaran neft pullarının hara xərclənməsi də etirazçıların ittihamlarını təşkil edirdi. Aksiyaçılar təkcə Ruhani dönəmində neftdən gələn təxminən yarım trilyon dollarlıq gəlirin ölkə əhalisinin rifahına sərf edilməsi yerinə Yaxın Şərqdaki terror ocaqlarının bəslənməsinə istifadə edilməsindən də qəzəblidirlər. Statistik məlumatlara görə İranda rəsmi işsizlik səviyyəsi 12% civarında göstərilir. Rəsmi məlumatlarda ölkə əhalisinin 20% -ə yaxını yoxsulluq səviyyəsindən aşağı qeyd edilir.. Aksiyaların əsas hərəkətverci hissəsini təşkil edən gənclərin isə ölkə əhalisinin 30% ni təşkil etməsi durumun ciddiliyini daha da artırır. Aksiyaların üçüncü günündən etirazların daha da kəskinləşərək “Xamaneyiyə ölüm!” şüarları həddinə çatması da fikrimizdə haqlı olduğumuzu göstərdi. İnqilab rəhbərinin olaylara 6 gün susqun qalması isə çoxları üçün mübhəm görünsə də bu gün o da səssizliyini pozdu və baş verən etirazlara görə İiR quruluşu düşmənlərini suçladı. Məhz bu gündən etibarən artıq etiraz aksiyalarına Dini rəhbərə bağlı olan Bəsic qüvvələrinin müdaxiləsi haqda xəbərlər almaqdayıq. 2009-cu ildəki prezident seçkilərində əhaliyə qarşı amansızlığı ilə seçilən bu qüvvələrin meydana daxil olması gözlənilən tələfatın daha ağır olacağı haqda anons verməkdədir. Digər tərəfdən daim mühafizəkar duruş sərgiləyən və İran iqtisadiyyatında önəmli mövqeyə malik olan Tehran Bazarı da Xameneyinin açıqlamasından sonra elan etdiyi aksiyasını təxirə saldı. Xameneyinin bəyanatının ABŞ prezidenti D.Trampın İrandakı aksiyalara dəstək tvitindən sonra verildiyini nəzərə alsaq bundan sonrakı olayların daha ağır müstəviyə daxil olacağını proqnoz etmək olar.
