Bu film bayram günlərinin vazkeçilməzidir. Özüm baxa bilməsəm də, tətildə mütləq göstəriləcəyini zənn etdim. Zənnimdə yanılmamışammış. Baxanlar olub. Qoy baxsınlar. Nə qədər baxırsan bax, hər dəfə onda yeni nəsə tapmaq olur. Düzü bilmirəm, nə dərəcədə ciddi söhbətdir, amma deyilənə görə, Üzeyir bəy özü 50 yaşdan sonra zarafatla söyləyirmiş ki, bilsəydim, adam bu yaşda da vurula bilər, heç “Məşədi İbad”ı yazmazdım. Əsərin özündə Üzeyir bəy Məşədi İbad surətinə qarşı çox sərt davranıb. Onu artıq ələyi ələnib xəlbiri göydə fırlanan mənəviyyatsız və simic qoca kimi təsvir edib. Kinodakı Məşədi İbad isə sapsağlam, zirək, nisbətən pozitiv obrazdır. Necə deyərlər, yaxşı oğlanlardan biridir. Üstəlik, məqsədinə çatmaqdan ötrü xəsislik edib pula qızırğalanmır. Reallığı qiymətləndirmək bacarığı da yüksəkdir. Görəndə ki, onunku Gülnazla alınmadı, qulluqçu Sənəmi gətirib deyir əşi, nə fərqi, “O olmasın bu olsun”. Bu filmdə elə obrazlar var ki, onlar XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış şəxsiyyətlərin portretidir. Məsələn, “Miskin bir məcmuə, məni, mən qəzetlər padşahı Rza bəyi tənqid etsin?!” monoloqunu xatırladınızmı?! Filmdəki həmin o qəzetçi Rza bəy obrazı, əslində, böyük mütəfəkkir Əli bəy Hüseynzadədir. Üzeyir bəyin mənsub olduğu “Molla Nəsrəddin”çilər ədəbi cərəyanı ilə onun yaratdığı “Füyuzat” məktəbinin arası soyuq idi. “Molla Nəsrəddin”çilər çox sadə dildə yazırdılar. İstəyirdilər yazdıqlarını avamlar da anlasın. “Füyuzat” jurnalı isə azsavadlı oxucuları vecinə almayıb o dövrün osmanlı türkcəsinə yaxın qəliz bir dildə yazırdı. Hərdən də iki jurnal dil mövzusunda atışırdı. Bu xüsusda böyük bir yanlış var, filmdə. Bunu bir tənqidi yazısında “O olmasın, bu olsun” filmini yıxıb-sürüyən professor Abbas Zamanov da qeyd edib. İş orasındadır ki, 1910-cu ilin Bakısını əks etdirən filmdə “Molla Nəsrəddin” jurnalının redaksiyası göstərilir. Jurnalın bütün yazarları bir yerə toplanır. Amma “Molla Nəsrəddin” jurnalı həmin vaxt Tiflisdə yerləşirdi, Bakıda yox. Bu yanlışlar, belə epizodları ssenariyə daxil etmiş dramaturq Sabit Rəhmanın işidir. Qəzetçi Rza bəy qədər, mərhum Mustafa Mərdanovun canlandırdığı Həsən bəy obrazı da filmə xüsusi rəng qatır. O, Fransada dünyəvi təhsil alıb. Geyimi də Avropasayağıdır. Materialist fəlsəfə, təkamül nəzəriyyəsi haqqında xeyli məlumatlıdır. Di gəl ki, onun bildikləri, yalnız “Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşların mühitində heç kimə lazım deyil. Ona görə də “Pardon, pardon” deyə-deyə tüfeyli həyat sürür. Heç gürcü duxanında içdiyi arağın-çaxırın pulunu da verə bilmir. Filmin ən maraqlı yerlərindən biri də Rüstəm bəyin evindəki qonaqlığa gedəndə unudulmaz aktyorumuz Lütfəli Abdullayevin həyətdə yubanıb çürük pilləkəndən yıxılmasıdır. Rejissor bununla feodalizm quruluşunun artıq laxladığını, uçub-tökülməkdə olduğunu göstərmək istəyir. Filmin əks etdirdiyi cəmiyyət çox dağınıqdır. Bununla belə, bu dərbədər cəmiyyətin də diqqətini bir yerə toplayan mənəvi dəyərlər var. Məsələn, Xan Şuşinski muğam ifasına başlayan kimi belə birləşdirici dəyərlərə hamılıqla hörməti görürük. Əziz dostlar, “O olmasın, bu olsun” filmində tutduğunuz maraqlı məqamları Siz də burada bölüşə bilərsiniz. Bilik paylaşdıqca artır.
Yadigar Cəfərli yazır – Bayramların vazkeçilməzləri
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
