Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb – Bakı Meriyasından rəsmi AÇIQLAMA

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib.

Xəbərin yayıldığı ilk günlərdə E.Əzizovun başçının I müavini postuna gətirildiyi bildirilirdi. 
Amma bu gün BŞİH-in rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.

Modern.az dəqiqləşmə aparmaq üçün BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb.

Turkustan.info bildirir ki, Nailə Məmmədova Modern.az-a açıqlamasında bildirib ki, rəsmi saytdakı təqdimat doğrudur:

“Eldar Əzizov birinci müavin yox, başçının müavini təyin edilib. O, eyni zamanda başçının səlahiyyətlərini icra edir”.

Eldar Əzizov 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.

1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra  Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra  Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində işləyib.

2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra  Hakimiyyətinin başçısı olub.

2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗