Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Nazirlər Kabinetindən daha bir bahalaşma qərarı avtomobillərin qeydiyyatı ilə bağlı gəldi. “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” artırıldı.
Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən ediləcək.
Qeyd edək ki, dövlət rüsumu haqda qanunun 18-ci maddəsinin 65-ci bəndinə görə iyulun 31-ə kimi avtomobillərin qeydiyyata alınması üçün rüsum 10 manat idi.
Bundan sonra isə mühərrikinin həcmi 2 min kubsantimetrədək olan avtomobillər üçün 100 manat, mühərrikinin həcmi 3 min kubsantimetrədəkarası olan avtomobillər üçün 100 manat + mühərrikin həcminin 2000-dən yuxarı olan hər kubsantimetrə görə 10 qəpik, mühərrikinin həcmi 4000 kubsantimetrədək olan avtomobillər üçün 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 qəpik, mühərrikinin həcmi 5 min kubsantimetrədəkarası olan avtomobillər üçün 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 30 qəpik rüsum ödəniləcək.
Mühərrik həmci 5 min kubsantimetrdən yuxarı olan avtomobillərin qeydiyyatına görə isə 1500 manat rüsum ödənilməlidir.
İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, bundan sonra avtomabillərin alqı-satqısı zamanı qeydiyyat rüsumunun kimin üzərində olması müzakirə mövzusu olacaq:

“Əminəm ki, avtomobil satışı ilə məşğul olan saytlarda qeydiyyatlı və qeydiyyatsız qiymətlər ayrıca göstəriləcək. Kifayət qədər böyük fərq yaranır – 100-150 manatdan – 1500-ə qədər”.
Natiq Cəfərli deyir ki, qərarın yalnız lüks, bahalı avtomobillərə aid edilməsi başadüşülən olardı:
“Belə olsaydı, bunu anlayışla qarşılaya bilərdik. Çünki, bahalı avtomabillərin həm vergisi, həm rüsumları dünyanın hər yerində yüksəkdir. Amma bu qərar aşağı kateqoriyadan tutmuş bahalılara qədər bütün avtomobil markalarını əhatə edəcək. Bu doğru yanaşma deyil”.
Ekspert deyir ki, qərar vətəndaşlar üçün xüsusi problemlər, əlavə xərclər ortaya çıxarır.
Qərarın avtomobil qiymətlərinə təsir edib-etməməsi ilə bağlı sualı cavablandıran Natiq Cəfərli deyir ki, qeydiyyat məsələsini satıcıların üzərinə götürəcəyi hallarda qiymət artımı olacaq. /Cebhe.info/
