“Qurbanlıq” bazarın bahalı qiymətləri: Kəsimlər isə “köhnə” qaydada aparılır – REPORTAJ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Qurban bayramı həm də heyvandarlıqla məşğul olan şəxslərin, qəssabların işinin gur vaxtıdır. Hər il qəssablar, heyvan satan sahibkarlar bu günü səbirsizliklə gözləyir. 

Qurban bayramı günlərində demək olar ki, şəhərin hər yerində qurbanlıq heyvanlara rast gəlmək mümkündür. Biz də Cebhe.info olaraq Qurban bayramında Hövsan qəsəbəsində müşahidə apardıq.

Müşahidə etdiklərimiz Qurban bayramının o biri üzünü göstərdi. Adəti üzrə heyvan satışı həyata keçirilən yerlərdə qızğın “al-ver” gedirdi. Qiymətin aşağı-yuxarı edilməsi bazarlığı xeyli uzun çəkirdi. Bəzi hallarda müştəri qiymətlə razılaşmayıb başqa ünvana üz tuturdu. Alternativlər çox olduğu zaman bu əslində adi haldır. Heyvanların satışı ilə məşğul olanlar isə müştəriləri qaçırmamaq üçün mümkün olduğu qədər qiymətdə razılığa gəlməyə çalışırdı. Qiymətlər isə ötən illərlə müqayisədə kifayət qədər baha idi. Hazırda Hövsan qəsəbəsində qurbanlıq qoyunların satışı diri çəki ilə 6 manatdır. Qeyd edək ki, diri çəki xalis ətin 2 mislinə bərabərdir. Məsələn, diri çəkisi 40 kiloqram olan qoyunun təmiz əti 20 kiloqram olur. Təbii ki, 1-2 kiloqram aşağı, yuxarı da olur. Bunu nəzərə alsaq diri çəkisi 30, təmiz əti 15 kiloqram olan qoyunun satış qiyməti 180 manat olur ki, ətin kiloqramı 12 manata başa gəlir. Ötən il isə qiymətlər 9-10 manat civarında dəyişirdi.

Alıcılar da qiymətin bahalaşmasından şikayət edir. “Bu qiymətə ət olmaz. Nə maaş alırıq ki, onun da 200 manatına qoyun alaq? Günü-gündən də bahalaşır” – Əfqan adlı alıcı deyir. 

Başqa bir alıcı isə deyir ki, qurbanlıqda qiymətlər adi günlərə nisbətən daha baha olur: 

“Kim neçəyə istəyir o qiymətə də satır. Nəzarət yoxdur”.

Satıcılardan biri isə söhbətə əlavə olaraq dedi ki, qiymətlərin bahalaşması onların da işini çətinə salır: 

“Biz də qiymətlərin ucuz olmasını istəyirik. Amma biz də rayondan baha qiymətə alırıq. Məcbur olub baha da satırıq. 

Rayonlarda heyvan tapmaq müşkülə çevrilib. Hələlik hava istidi deyə ət 12 manatdır. Bir azdan, havalar soyuyandan sonra qiymətlər 14-15 manat olacaq”.

Qəsəbədə qızğın satış getdiyi kimi, həm də kəsim aparılırdı. Qurbanlıq heyvan alan şəxslər elə aldıqları ünvanda kəsdirib, pay-pay edib hazır aparırdılar. Qurbanlığı diri alıb aparanlar da var idi, amma bu azlıq təşkil edirdi. Təbii ki, kəsimin öz qiyməti var. Razılaşma əsasında 5-10 manat arasında dəyişən kəsim qiymətləri qəssabların üzünü güldürən əsas amil idi. 

Müşahidələrimiz əsnasında diqqətimizi cəlb edən digər bir məsələ isə hevanların elə “köhnə” qaydada kəsilməsi oldu. Çünki Qida Təhlükəsizlik Agentliyi kəsimlərin standartlara uyğun aparılması üçün kəsim sexlərinin standartlarını tətbiq etmişdi. Agentlik bu standartların avqust ayının 1-dən etibarən qüvvəyə mindiyini, bu tarixdən sonra standartlara uyğun kəsim aparmayan sahibkarların cəzalandırılacağı bəyan etmişdi.

“Agentlik tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə, iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar, Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qərarlar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsimi məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan tələbatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkili nəzərdə tutulub. Sözügedən Fərmanın 9-cu hissəsinə əsasən, agentlik qeyd olunan fəaliyyətlərin icrasına 1 iyul 2018-ci il tarixdən başlayacaq. Agentliyin tabeliyində gələcəkdə “Qida Təhlükəsizlik İnstitutu” publik hüquqi şəxsi fəaliyyət göstərəcək ki, həmin İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını həyata keçirəcək”-rəsmi açıqlamada göstərilir.

Amma hazırda 22 avqustdur və göstərilən tarixdən 2 aya yaxın vaxt keçib. Nəinki Hövsanda, digər qəsəbə və rayonlarda da heyvan kəsimləri “köhnə qayda”da aparılır.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗