Temperatur 10 dərəcə aşağı enəcək
“Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir”. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Ötən günlərlə müqayisədə havanın temperaturu kəskin -10 dərəcə aşağı enəcək.
Onun sözlərinə görə, havanın kəskin dəyişməsinə səbəb ölkə ərazisinə Aralıq tsiklonunun yaxınlaşmasıdır. Yanvarın 17-dən ilk olaraq Naxçıvan Muxtar Respublikasından, Dağlıq Qarabağ, Qazax, Gəncə bölgəsində bu proses özünü göstərəcək. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33 m/s, arabir 35-38 m/s-ə çatacağı ehtimal olunur.
Direktor bildirib ki, rayonlarda yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir.Yolların buz bağlama ehtimalı var. “Eyni zamanda, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənilir və havanın temperaturu 0-2° isti olacaq”.
Dənizdə dalğanın hündürlüyü 10 metrə çatacaq.
