Turkustan.info bildirir ki, Teleqraf.com-un suallarını konfliktoloq Əvəz Həsənov cavablandırıb:
– Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Davos forumu çərçivəsində qeyri-rəsmi görüşü barədə müxtəlif mülahizələr yürüdülür. Siz bu görüşü necə dəyərləndirirsiniz?
– Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın təkbətək görüşü onu göstərir ki, görünür, ATƏT-in Minsk qrupunun təşkil etdiyi görüş formatları daha olmayacaq. Ölkə rəhbərləri ancaq müxtəlif tədbirlərdə görüşəcəklər və bu formatı saxlayacaqlar. Xarici işlər nazirləri ayrıca görüşür, amma dövlət başçılarının xüsusi görüşü nəzərdə tutulmayacaq. Məncə, iş daha çox xarici işlər nazirlərinin Paris görüşündə qəbul etdiyi kimi xalqları sülhə hazırlamaq planı üzərində qurulacaq.
– Nikol Paşinyan Feysbuk səhifəsində Qarabağla bağlı danışmadıqlarını qeyd edib. Hər halda 1,5 saatlıq görüşdə Qarabağ məsələsinə toxunmamaq inandırıcı gəlmir…
– Qarabağla bağlı danışanda, adətən, onun statusu, rayonların boşaldılması, plan üzrə əhalinin köçürülməsi və digər istiqamətlər üzrə söhbət aparılır. Ölkə rəhbərləri bu istiqamətlər üzrə danışmaya bilərlər. Əsas danışıq sərhəddə nəzarətin gücləndirilməsi, sakitliyin təmin olunması, insanların gələcəkdə imzalana biləcək hansısa sazişə, qəbul olanacaq qərara aqressiv münasibət bəsləməməsi ilə bağlı ola bilər. ATƏT-in Minsk qrupunun təqdim etdiyi Madrid prinsiplərində də Qarabağın statusunun həllinə qədərki mərhələdə danışıq predmetləri öz əksini tapıb. Bura qaçqınların qaytarılması planı, barışıq komissiyasının elan olunması, hərbçilərin nəzarət zonasından çıxarılması və sair mövzular daxildir.
– Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra xalqların sülhə hazırlanması barədə bəyanat verildi. Bu ifadə özündə nəyi ehtiva edir?
– Vaxt gələcək, dövlət başçıları Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı hər hansı çərçivə sənədi imzalayacaqlar. Burada Qarabağa keçid statusu, rayonların qaytarılmasının mərhələləri, qaçqınların köçürülməsi prosesi yer ala bilər. Həmin sənəd imzalanandan sonra dövlət başçıları öz ölkələrinə qayıdanda xalq bu sənədi aqressiv ruhda qarşılamaması, xalqların nə vaxtsa rəsmi səviyyədə belə sənədin imzalanacağına hazır olması üçün sülhə hazırlanmasına ciddi ehtiyac var. Əhali ilə KİV-də iş aparılmalı, başa salınmalıdır ki, sülh qaçılmazdır, vacibdir. Azərbaycan və Ermənistan ziyalıların, ictimaiyyət nümayəndələrinin səfərlərinə aqressiya olmaması üçün addımlar atılacaq. Əhalinin sülhə tolerant yanaşması üçün hazırlıq görülməlidir.
– Qarabağ erməniləri ilə müqayisədə Azərbaycan tərəfində aqressiya daha azdır. Sizcə, xalqların sülhə hazırlanma prosesinin müsbət nəticəsi olacaqmı?
– Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər azərbaycanlıların ermənilərlə münasibətlərinin ermənilərlə normallaşdırılması o qədər də asan görünmür. Azərbaycanlılar əmin olmaq istəyir ki, bütün danışıqlar prosesində torpaqlar azad olunacaq, yaxud Qarabağın statusu ilə bağlı Azərbaycanın xeyrinə qərar qəbul ediləcək. Torpaqlarını uduzan tərəf kimi xalq maraqlarımıza zidd addımların atılmasını gözləmir və istəmir. Ona görə də bizdə aqressivlik o qədər də az deyil.
Dağlıq Qarabağ ermənilərinin aqressivliyi ondadır ki, onlar sülh prosesində itirəcəklər. Ən azı bufer zona adlandırdıqları işğal olunmuş ərazini itirəcəklər. Bu, o deməkdir ki, sabah Azərbaycan ordusu Xankəndinin, Dağlıq Qarabağ muxtar vilayətinin digər rayonlarının sərhəddinə yaxınlaşacaq. Bu da onlar üçün ciddi təhlükədir. Çünki onlar statusu indidən əldə etmədən hər hansı sülhlə bağlı razılaşmanı imzalamağa o qədər maraqlı deyillər. Ermənistanda da eynilədir, başa düşürlər ki, Azərbaycan hökumətinin sülh prosesində hər hansı bir nailiyyəti olacaqsa, bu, Ermənistanda cəmiyyətin radikallaşmasına gətirib çıxara, yaxud hakimiyyətin məğlubiyyəti kimi qələmə verilə bilər. Ona görə bu məsələdə çətinlik çəkirlər.
– Yeri gəlmişkən, Nikol Paşinyanın “təslimçi sülhə” hazırlaşması barədə ittihamlar irəli sürülür, mediada baş nazir əleyhinə materialların sayı çoxalmaqdadır.
– Sülh danışıqlarında Ermənistan tərəfinin güzəştləri daha çox olacaq. Bu münaqişədə Ermənistan tərəfi nəyisə – torpaq, statusda güzəştlər və s. verəcək. Təbii, Paşinyan daha çox ittiham olunacaq. Azərbaycan tərəfinə də Ermənistanda sülhə razı olan hansısa dövlət başçısının tezliklə devrilməsi və yenidən hakimiyyətin radikalların əlinə keçməsi sərf eləmir. Azərbaycan maraqlı olmalıdır ki, sülhə razı olan Ermənistan hökuməti hakimiyyətdə qala bilsin. Dünya ictimaiyyəti də Azərbaycanın Ermənistan hökumətinə etdiyi jesti normal qəbul eləsin. Azərbaycan xalqı da başa düşməlidir ki, Ermənistanda radikal rəhbərin olması sülh prosesinə mənfi təsir göstərir. Ona görə də Ermənistanda loyal hakimiyyətin olması bizə də sərf edir.
– Paşinyanın hərəkata başlayanda da, baş nazir seçiləndə də sərt münasibətinin şahidi olduq, o, qondarma rejimin danışıqlar masasında iştirakının vacibliyini vurğulayırdı. Bəs hazırda Ermənistan baş nazirinin sülhə yönəlik loyal münasibəti nəyə hesablanıb?
– Seçki ərəfəsində Paşinyana Ermənistan əhalisinin səsini almaq və vaxt udmaq lazım idi. Paşinyan heç öz ölkəsinin daxilində vəziyyəti normallaşdırmamış Azərbaycanla danışıqlara başlamalı idi. Ona görə də vaxta ehtiyacı vardı, o vaxtı da uddu. Faktiki olaraq Ermənistanın legitim dövlət başçısıdır. Danışıqlar masasına əyləşəndən sonra proseslərə daha real diqqət yetirəcək. Əvvəl dedikləri vaxt udmaq üçün idisə, indi artıq başa düşür ki, danışıqlar prosesini real şərtlərlə eləmək lazımdır. Əvvəlki mövqe Qarabağ nümayəndələrinin masada oturulması idi, müəyyən müddətə bu təklifini unudacaq.
– Sabiq prezident Robert Köçəryan rəhbərliyi ilə “Qarabağ klanı”nın Paşinyana qarşı hücumları nə dərəcədə real görünür?
– Təbii ki, Qarabağ tərəfi Ermənistan rəhbərliyinin onların yerinə qərar qəbul etməsində maraqlı olmayacaq. Onlar öz siyasətini Moskva ilə uzlaşdırdığı üçün “Qarabağ klanı” bu proseslərin əleyhinə olacaq. Robert Köçəryan müəyyən müddətə öz dayaqlarını itirdi, ən azı Paşinyanın 5 il müddətinə baş nazir olduğunu vaxt Köçəryanın şansı olmayacaq.
– Rusiyalı politoloq Stanislav Tarasov Tarasovun iyunda ermənilərin bir neçə rayonu Azərbaycana qaytaracağı barədə bəyanatına münasibətiniz necədir?
– Rusiyalı politoloqların verdiyi bəyanatların heç birinə inanmıram. Mənim üçün qeyri-ciddidir. Çünki Rusiya niyə birdən-birə Azərbaycana rayon qaytarsın, Qarabağ problemini həll eləsin? Ortada elə bir ciddi proses getmir ki, Ermənistan iyun 3 rayonu qaytarsın və Qarabağ məsələsində ciddi irəliləyiş olsun və Rusiya da bu regiondan çıxsın. Rusiya regiondan çıxmaq istəyirsə, təbii ki, Dağlıq Qarabağ münaqişəsində ciddi irəliləyişə imkan verər. Hələ Rusiya regiondan çıxmaq planı ciddi görünmür.
– ABŞ prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla Paşinyan arasında telefon danışığı oldu. Boltonla İrəvana səfərində Rusiya ilə münasibətlərə yenidən baxılmasına dair tapşırıq verilmişdi. Sizcə, Paşinyan ABŞ-ın tələblərini yerinə yetirdiyi üçün indi ABŞ-dan dəstək aldı?
– ABŞ Dağlıq Qarabağ məsələsinin həllində maraqlıdır. Eyni zamanda ABŞ Cənubi Qafqazda Rusiyanın təsirinin azalmasını istəyir. Bu təsiri azaltmaqda Ermənistan Birləşmiş Ştatlara kömək edəcəksə, ABŞ onu dəstəkləyəcək. Əskinə kömək etməyib Rusiyanın qalmasına imkan yaradacaqsa, çətin ki ABŞ-ın dəstəyini alsın. Bu baxımdan Azərbaycan rahatdır, həm ABŞ, həm də Rusiya ilə əməkdaşlıq edir. Ermənistanda yox idi, Paşinyan gələndən sonra ABŞ-la münasibətlərin qurulmasında müəyyən irəliləyiş var. İrəliləyiş varsa, ABŞ Paşinyanı dəstəkləyəcək, yoxsa Rusiya öz hegemonluğunu saxlayacaq.
– Bəs Paşinyanın xarici siyasət vektoru necə olacaq, balanslı yoxsa…?
– Balanslı siyasət yürütməyə məcburdur. Sərkisyan rusyönümlü siyasət yeridirdi, uduzdu, hətta Rusiya son anda onu müdafiə eləmədi. Paşinyan Azərbaycanınki kimi, yəni bütün region dövlətləri ilə balanslaşdırılmış siyasət yürütməyə məcburdur, başqa çıxış yolu yoxdur.
