Gəncənin yeni salınan qəsəbələrində internet dərdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu gün internet həyatın ən vacib elementlərindən birinə çevrilib. Yəni, zamanın tələbindən həyatımıza daxil olan internet ağıllı istifadəçi üçün də çox məna daşıyır. Yazışmalar, hər hansı məlumatı əldə etmək, gündəlik xəbərləri izləmək üçün daha köşklərdən kağız mətbuat almağa, kitabxanalara gedib arxiv axtarmağa, poçt vasitəsilə məktub göndərməyə ehtiyac qalmır. Evində və ya iş yerində oturub bütün bunların hamısını edə bilirsən. Hətta mobil telofonundan belə bu əməliyyatları vaxt itirmədən edə bilirsən. Üstəlik sosial şəbəkələrdə müəyyən fikirlər yürüdürsən, ağı qaradan ayıra bilirsən.

Təbii ki, məqsədim internetin üstün cəhətlərindən danışmaq, onu təbliğ etmək deyil. Bu gün sürətli inkişaf ömrü yaşayan Gəncənin yeni salınan, əlli mindən çox insanın yaşadığı qəsəbələrdə internetin olmamasını səlahiyyət sahiblərinin diqqətinə çatdırmaqdır. İnternet yoxdu deyəndə ki, özəl provayderlər Aztelekomun laqeyd qaldığı boş ərazilərə həmən daxil olur, yarıtmaz internet xidməti altında əhalinin cibinə girərək milyonlara sahiblənirlər.  Xidmət isə sıfır dərəcəsində olur. Yəni, baha satılan internet evlərə elə gəlir ki, onunla heç mesaj belə göndərmək mümkün olmur.

Konkret olaraq deyim ki, Gəncənin Cavad xan qəsəbəsinin bir hissəsini “ultranet” adlı provayder zəbt edib. Xeyli saydada istifadəçisi var. Ən aşağı-üçlük sürət istəyən istifadəçı  ayda 11 manat, 5-lik sürət istəyən 16 manat, 7-lik sürət istəyən 20 manat, 10-luq sürət istəyən isə 25 manat məbləğ ödəyir. Şəxsən mən bir media işçisi olaraq ayda 15 manat ödəyirəm və guya ki, 5-lik sürətə malik internet alıram. Amma belə deyil. Aldığım internetin sürəti ilə  heç adi mesaj belə göndərə bilmirəm və ya günlərlə intetnet almıram. Bütün bu yarıtmazlıq isə növbəti aylarda qətiyyən nəzərə alınmır. Hətta ödəniş vaxtından 10 saniyə belə keçən kimi interneti dayandırırlar və abunəni tələb edirlər. Maraqlı bir sual yaranır. Onlar internetinin-özü də olmayan internetinin qədrini bilir, bəs əhali pulunun qədrini necə bilirmi? Yəni aldadılan, pulu alınan, lakin internet ala bilməyən əhali nə üçün istifadə edə bilmədiyi saatların, günlərin, bəzən də həftələrin pulunu onalara ödəməlidir? Əlbəttə, yarıtmaz xidmət varsa pul da xidmətə görə alınmalıdır. Bütün bunlarla yanaşı qoşulma üçün də ayrıca pul tələb edilir. 40 manat mademə bir də evə qədər olan məsafənin kabelinə hesablanan pulu da nəzərə alsaq qoşulma 100 manata, bəzən daha çox vəsaitə başa gəlir. Reallıq göz qabağındadır və özəl provayderlərin heç nədən qazancı ortadadır. Sivil ölkələrdə isə yarıtmaz xidmətə görə məhkəmə məsuliyyəti var, abonentə dəyən ziyanın ödənilməsi var, nəhayət üzür istənilməsi var.

Gəncədə olan beş qəsəbənin sakinlərinin hamısı bu dərddədir. Bir maraqlı sual da yaranır. Nə üçün Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirliyinin Aztelekom baş idarəsi bu məsələni öz nəzarətinə götürmür? Az bir sərmayə ilə büdcələrinə daha böyük gəlirlər əlavə etmək istəmir? Yeri gəlmişkən; bu qəsəbələrdə xətt telofonu da yoxdur və hər iki xidmət eyni vaxtda aparılsa bu onların əlavə gəliri demək olmazmı? Hər iki xidmət üçün qoşulmaya ödənən rüsum, hər ay ödənilən abunə haqqı əhalinin sayına görə dəqiqləşsə burdan nə qədər pulun özəl provaderlərin cibinə axdığını aydınca görmək olar.  Bir də ki, əhaliyə rabitə xidməti sırf sözügedən nazirliyin vəzifə borcudur. Dünyanın və Azərbaycanını yeniliklərindən kənar qalan əhali internetini və telofonunu sizdən istəyir. İstəyinə cavab verin, rahatca büdcənizi qanuni yolla gücləndirin cənablar, beş qəsəbənin sakinlərinin problemini aradan qaldırın. Onu da deyim ki, Aztelekom rəsmi dövlət qrumudu və hər hansı texniki nasazlığa qarşı onların yerlərdəki idarələri, qoşaqları problemə operativ reaksiya verir. Ancaq özəl provayderlərin ofis nömrəsinə saatlarla düşmək, problemini belə demək mümkün olmur.

Qalib Rəhimli,

Gəncə.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗