”Kremlin qəti şəkildə əleyhinə olmasına baxmayaraq Gürcüstan son nəticədə NATO-ya qoşulacaq”
Bunu Tiflisdə NATO-nun Baş katibi Yens Stoltenberq bir daha bəyan edib. Xatırladaq ki, martın 25-də Stoltenberq Gürcüstana gedib. Burada onun rəsmilərlə görüşləri, NATO-Gürcüstan hərbi təlimlərində iştirakı planlaşdırılır.
Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə birgə keçirilən mətbiat konfransında Stoltenberq deyib ki, hərbi blokun 29 üzvü “Gürcüstanın NATO üzvü olacağına dair aydın bəyanat verib”. O, bildirib ki, heç bir ölkənin NATO-nun açıq qapılar siyasətinə qarışmaq səlahiyyəti yoxdur: “Biz Gürcüstanı NATO üzvlüyünə hazırlamaq məqsədilə birgə işləyəcəyik. Mən Rusiyanın və ya hər hansı başqa ölkənin bizim üzvlərimizin əvəzinə qərar qəbul etməsini qeyri-məqbul sayıram”. NATO rəhbəri habelə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bildirib. Baxtadze isə deyib ki, NATO üzvlüyü Gürcüstan xalqının seçimidir.
Qeyd edək ki, NATO-Gürcüstan 2019 adını daşıyan təlimlər isə martın 29-da başa çatacaq. Xatırladaq ki, NATO-nun 2008-ci ildə Buxarest sammitində alyans liderləri Gürcüstan və Ukraynanın gələcəkdə bloka üzv olmasına razılaşıblar. Amma tərkibində problemli ərazilərin olduğu ölkələrin NATO-ya daxil olması qurumun başlıca prinsiplərinə zidddir. Buna baxmayaraq hərbi blokun, eləcə də Gürcüstan rəhbərliyinin açıqlamalarından bu məsələnin arxa plana keçirildiyi məlum olur. Belə olan təqdirdə Rusiyanın bu məsələdə mövqeyinin necə olacağı sual doğurur.

Politoloq Fikrət Sadıxov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hərbi siyasi bloka daxil olmaq hər bir dövlətin özəl məsələsidir və hər bir dövlət öz maraqları çərçivəsində çıxış etməlidir: “Gürcüstan NATO-ya üzv olmaq istəyir. Amma burada bir sıra məqamlar var. Vaxtilə NATO rəhbərliyi bəyan edib ki, problemlər, separatçı hərəkətlər, həll olunmayan məsələlər olan dövlətlər quruma qəbul edilməyəcək. İndi Gürcüstan ərazisində iki tanınmamış rejim var – Abxaziya və Cənubi Osetiya. Bu məsələlərin necə həll ediləcəyi məlum deyil. Aydın məsələdir ki, Gürcüstan Rusiya ilə əlaqələrini pozub və diplomatik əlaqələri yoxdur. Bunun əvəzinə Qərblə yaxınlaşmaq və NATO-ya üzv olmaq istəyir. Eyni zamanda Moskva vaxtilə bəyan edib ki, ölkə sərhədləri yaxınlığında NATO qoşunlarının olması Rusiya üçün böyük təhlükədir. Amma əgər NATO və Gürcüstan bunu prinsipial şəkildə ortaya qoysa, Rusiya rəsmi şəkildə heç nə edə bilməz”.
Bununla belə, politoloq deyir ki, arxa planda müəyyən təxribatların olması mümkündür: “Bəzi dairələr Gürcüstanda stabilliyi poza bilərlər. Gürcüstanın özündə də Rusiyayönümlü qüvvələr az deyil, onlar öz sözlərini deyəcək, etiraz edəcəklər. Rusiya onlardan açıq olmasa da, gizli şəkildə istifadə edəcək. Hesab edirəm ki, bu məsələ müəyyən gərginliyə gətirə bilər. Hər halda təcrübə bunu göstərir. Avroasiya məkanında Baltikyanı respublikalardan başqa heç bir respublika NATO üzvü olmayıb. Gürcüstanın taleyinin necə olacağını bu ölkənin diplomatik addımlarından asılı olacaq”.
Münaqişə ocaqları olduğu halda Gürcüstanın NATO-ya daxil olma perspektivinə gəlincə, Fikrət Sadıxov deyib ki, bu məsələnin həlli asan deyil: “Yens Stoltenberq Tiflisdə olanda ona bu məsələnin necə olacağı barədə sual veriblər. O da, “biz Gürcüstanla birlikdə bu məsələ ilə məşğul olacağıq”, deyə cavablandırıb. Bu qeyri-real cavabdır. NATO-nun bu məsələ ilə necə məşğul olacağı və konkret addımları necə olacağı məlum deyil. Rusiya qoşunları artıq hər iki separatçı qurumda hərbi baza yaradır. Ona görə də düşünmürəm ki, bu məsələ asanlıqla həll olunacaq”. /Cebhe.info/
