16.01.2022-ci il tarixində Azərbaycan Respublikasının ilk ombudsmanı, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Fəxri Prezidenti Elmira xanım Süleymanovanın təşəbbüsü ilə qan yaddaşımıza yazılmış “20 YANVAR” faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan E. Süleymanovanın təklifi ilə 1990-cı ilin 19 yanvar gecəsindən 20-nə keçən gecə Sovet İmperiyasının dinc əhaliyə qarşı törətdiyi silahlı qırğın qurbanları, eləcə də I və II Qarabağ Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
E.Süleymanova sovet imperiyasının, eləcə də ermənipərəst qüvvələrin Azərbaycana qarşı, xüsusən də dinc əhaliyə qarşı törətdikləri bu ədalətsizliyi pislədi. “20 yanvar” faciəsini törədən qorbaçovları və digər əli günahsız insanların qanına batan qüvvələrin bundan sonra da gənc nəslə tanıdılmasını bildirdi. Belə ki, ötən əsrin sonlarında 1990-cı il və bundan sonrakı illərdə azərbaycanlıların başına gətirilən faciələri, soyqırım siyasətçilərini, ermənipərəst qüvvələrin SSRİ dağıldıqdan sonra da Azərbaycana qarşı işğalçı ermənilərə hərbi texnikası ilə dəstək verən sovet ordusundan, həmin faciələrdə milliyyətindən asılı olmayaraq şəhid olan Azərbaycan vətəndaşlarından bəhs etdi. Eyni zamanda, fəaliyyəti dövründə E.Süleymanova şəhid ailələri, qaçqın və köçkün ailələrindəki görüşlərindən, onların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən qısa məlumat verdi. O qeyd etdi ki, AQİM-nin səlahiyyətli nümayəndələri müxtəlif bölgələrimizdə qaçqın və məcburi köçkünlərlə, eləcə də şəhid ailələri ilə müxtəlif görüşlər keçirmişlər. Daha sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən dövlət proqramından və onun layiqli davamçısı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin güclü daxili və xarici siyasətinin nəticəsində II Qarabağ müharibəsindəki 44 günlük savaşın zəfər tarixindən, torpaqlarımızın erməni işğalından azad olunmasından və böyük qayıdışa hazırlıqdan söz açdı.
Sonda tədbir iştirakçılarına və şəhid ailələrinə söz verildi. Tədbirdə iştirak edən şəhid anaları və şəhid ailələrinin fikirləri dinlənildi. Məktəbli və gənclər “20 yanvar” faciəsinin qurbanları haqqında məlumat verməklə, şəhidlərimizə, vətənimizə həsr olunan şeirlər söylədilər.
Tədbir ümumi fikirlə – xalqımızın azadlığı və müstəqilliyi uğrunda qurban gedən şəhidlərimizin xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır, devizi ilə başa çatdı.
Elmira Nüsrətqızı
