Məhəmməd Hatəmi Tantəkin — həyatı və yaradıcılığı

Şrift
Məhəmməd Hatəmi Tantəkin — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmməd Hatəmi Tantəkin — həyatı və yaradıcılığı.

Məhəmməd Hatəmi Tantəkin 1935-ci il iyulun 22-də Astarada doğulub. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına üzv olub. Azərbaycan Milli Hökuməti dağıdıldıqdan sonra isə ailəsi ilə birlikdə Qaraçala kəndinə, sonra Şamaxıya, daha sonra isə Xudata köçürülürlər. 1956-cı ildə Xudat şəhərində məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1963-cü ildə Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı diplom işi ilə universiteti bitirib.

ADF-nin mətbuat orqanı olan "Azərbaycan" qəzetində məqalələr yazıb. O dövrdə bir neçə partiya yoldaşı ilə birlikdə ADF-nin sədri Qulam Yəhyaya qarşı çıxıb, onun istefa verməsini tələb edib və firqədən qovulub. 1965-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında işləməyə başlayıb. 1972-ci ildə "Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi" mövzusunda dissertasiyanı müdafiə edərək, filologiya elmləri namizədi adını alıb.

1987-ci ildə yaradılmış "Çənlibel" cəmiyyətinin qurucusudur. 1988-ci il oktyabrın 30-da Çənlibel təşkilatının son iclasında Xalq Hərəkatı Cəbhəsinin yarandığı elan edilib və Məhəmməd Hatəmi XHC-nin sədri seçilib. 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib.

1989-cu il iyunun 6-da azad olunub. 1989-cu il noyabrın 8-də Xalq Hərəkatı Cəbhəsi (Qızılbaşlar) və Müstəqil Azərbaycan Təşkilatlarını birləşdirərək Milli Qurtuluş Partiyasını təsis edib. "Qara Yanvar" faciəsindən sonra, 1990-cı il yanvarın 26-da həbs edilərək Lefortovo həbsxanasına aparılıb və 9 ay həbsdə qalıb.

I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunda döyüşlərdə iştirak edib. 1993-cü ildə əvvəlki iş yerinə-AMEA-ya qayıdaraq, folklorşünas kimi elmi işlərini davam etdirib. Milli azadlıq hərəkatı ilə bağlı "Acı həqiqətlər" kitabını yazıb. 2016-cı il iyunun 14-də dünyasını dəyişib. Bülbülə kənd qəbiristanlığında dəfn edilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗