Mikayıl Şahvələd oğlu Mirzəyev — həyatı və yaradıcılığı

Şrift
Mikayıl Şahvələd oğlu Mirzəyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mikayıl Şahvələd oğlu Mirzəyev — həyatı və yaradıcılığı.

Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Ağsu rayonunun Talış kəndində doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.1976-cı ildən 2000-ci ilə qədər Akademik Milli Dram Teatrında aktyor işləyib. Ailədə 4 qardaş, bir bacı olublar.

Onun ata-anası kənddə kimsəsiz qalan bir qızı da övladlığa götürüb. Sovet hökuməti təzə qurulanda Şahvələd kişi bir müddət qaçaq olub, sovetlərlə mübarizə aparıb. Deyilənlərə görə, anası Susay Səfəvilərin şəcərəsindəndir.

Ərdəbildən Qubaya gəliblər, sonra Şamaxıya və Ağsuya köçüblər. Qarabuğdayı, hündür qadın imiş. Mikayıl üzdən ona bənzəyib.

Rasim Balayev, Səməndər Rzayev və Mikayıl Mirzə Ağsuda məktəbdə bir yerdə oxuyublar. Səməndər artıq İncəsənət İnstitutunda təhsil alırmış, Mikayıla deyib ki, gəl bura, burada səni götürəcəklər. Mikayıl şəhərə gedib oxumaq istədiyini bildirəndə atası etiraz edib və ona şəhərə getməsi üçün pul da verməyəcəyini deyib.

Cibində olan 10 manat pulla kənddən çıxıb. Sənədlərini Pedaqoji İnstitutun jurnalistika fakültəsinə verib. İmtahan götürənlərdən biri Xəlil Rza imiş, qrammatikadan kəsilib və Xəlil Rza deyib ki, onun yaxşı potensialı var, xırda səhvə görə kəsməyin.

Ancaq ona deyiblər ki, get, rayona dəy, gəl. Mikayıl “mən rayona yalnız səlahiyyət sahibi kimi qayıdacağıma söz vermişəm, gedib dəyə bilmərəm”-deyib. …

Sənət müəllimi Mehdi Məmmədov olub. Həmçinin, Müxlis Cənizadədən və Ağaəli Dadaşovdan dərs alır. Mikayıl uşaqlıqdan çox mütaliə edən olub.

Saysız dərəcədə şeir bilirmiş. Məktəb istehsalat briqadasında qızlar onun da əvəzinə pambıq yığarmışlar ki, sən ancaq bizə şeir de, sənin də pambığını yığarıq. Cəfər Cabbarlı onun ən çox sevdiyi dramaturq olub.

Geniş tamaşaçı kütləsi onu həm də müxtəlif ekran əsərlərindəki obrazları ilə tanıyıb, seviblər."Babək"də Minbaşı, "Dədə Qorqud"da Gorqazan, "Qatır Məmməd"də Qasım, "Uzun ömrün akkordları"nda Hüseynqulu Sarabski, "Topal Teymur"da şair Girmani, "Günahsız Abdulla"da Abdulla və s. Tələbəsi Nurəddin Mehdixanlı Mikayıl Mirzənin tələbələrinə qarşı çox diqqətli olduğunu müsahibələrinin birində qeyd edərək deyir: “Bir də görürdün ki, hansısa tələbəni saxlayıb ondan qalstukunu istəyirdi, həmin qalstukdan xoşu gəldiyini deyirdi. Səhərisi günü tələbədən aldığı qalstukun yerinə təzəsini alıb ona verərdi.

O, görürdü ki, tələbə həmin qalstuku iki ildir taxır və artıq yenilənməsinə ehtiyac var. Bunun üçün də məhz bu cür üsulla tələbəyə köməklik edirdi. Televiziyada Mikayıl müəllimə poemaları canlı demək üçün 100-150 manat pul verilirdi.

O, məni, rəhmətlik İlham Əsgərovu çağırıb deyirdi ki, uşaqlar mən bunu tək deyə bilmərəm, gəlin iki yerə, üç yerə bölək. Biz həmin hissələri əzbərləyib deyirdik və o, aldığı pulu bizim aramızda bölürdü”. Mikayıl Mirzə uzun illər ailəsi ilə birgə birotaqlı mənzildə yaşayıb.

Evinə gedənlər nəql edirlər ki, mənzildə hər yer dövrün şairlərinin avtoqraflı kitabları ilə dolu olurmuş. “Aydın” tamaşasında baş rolda özü oynamaq istəsə də son anda vaz keçərək rolu tələbəsi Nurəddin Mehdixanlıya verib. Həyat yoldaşı Elza xanım və oğlu Mətin onu inandırıblar ki, 50 yaşdan sonra elə bir rolu oynamağa onun ürəyinin gücü çatmaz.

Milli Dram Teatrında hazırladığı “Aydın” tamaşasının premyerasından çox keçməmiş Mikayıl Mirzə xəstələnir. Həkimlər əməliyyat olunmasını bildirirlər. Oğlu Mətin Mirzə atasının xaricdə əməliyyat olunmasını istəyir.

Təyyarəyə minmək üçün gedəndə Mikayıl Mirzə oğluna deyir: “Bəlkə, lazım deyil, getməyək, hara qədər çatar ömrüm, qoy, ona qədər yaşayım. Ürəyi yardırmaq asan məsələ deyil”… Oğlu razılaşmır.

Əməliyyat çox uzun çəkib. Sonda həkim çıxıb və Mətinə deyib ki, mən ürəyi bir yerə yığıb tikə bilmirəm: “Təcrübəmdə belə şeylə rastlaşmamışam, ürək sapdan çıxıb, tökülür…”(mənbə:kulis. az) İki dəfə Milli Məclisə deputat seçilib.1992-95-ci illərdə Bakı Mədəni Maarif Texnikumunun direktoru olub.

Xalq artisti Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗